Misir alimləri: “Heydər Əliyev ikitərəfli əməkdaşlığı inkişaf etdirən böyük dövlət xadimi olub”

Misir alimləri: “Heydər Əliyev ikitərəfli əməkdaşlığı inkişaf etdirən böyük dövlət xadimi olub” Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anım gününə həsr olunmuş fotosərgi və tədbir keçirilib.
Diaspor
13 Dekabr , 2021 00:50
Misir alimləri: “Heydər Əliyev ikitərəfli əməkdaşlığı inkişaf etdirən böyük dövlət xadimi olub”

Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anım gününə həsr olunmuş fotosərgi və tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) “Report”a verilən məlumata görə, fotosərgini ziyarət edənlər arasında komitənin, ölkəmizin Misirdəki səfirliyinin əməkdaşları, Azərbaycan diasporunun və yerli ictimaiyyətinin nümayəndələri də olub. Sərgidə dahi siyasətçi və görkəmli dövlət xadiminin həyat və fəaliyyətini, o cümlədən Misirə səfərlərini əks etdirən fotolar nümayiş etdirilib. Sərgi ziyarətçilər böyük maraq doğurub.

Sərgidən sonra baş tutan anım mərasimi Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ümummilli liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev dahi siyasətçinin tarixi və siyasi fəaliyyətindən, müstəqil Azərbaycan dövlətinin inkişafı və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi naminə göstərdiyi misilsiz xidmətlərindən danışıb. “44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qələbə məhz Heydər Əliyevin vaxtında toxumu səpilmiş siyasətin nəticəsidir”, - deyə səfir vurğulayıb.

DİDK sədrinin müavini Elşad Əliyev bildirib ki, böyük öndər diaspor quruculuğu sahəsində, xaricdə yaşayan soydaşlarımızın Azərbaycanla sıx əlaqələrinin qurulmasında müstəsna xidmətlər göstərib. SSRİ dönəmində məhz onun təşəbbüsü və uzaqgörənliyi nəticəsində azərbaycanlı gənclər ittifaqın ən yaxşı ali məktəblərində təhsil alıblar. Xaricdə yaşayan soydaşlarımızın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynadıqlarını nəzərə çatdıran sədr müavini qeyd edib ki, bu strategiyanın əsası Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabr ayında Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında qoyulub. Hazırda bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və diaspor quruculuğunun yeni inkişaf mərhələsinə qədəm qoyduğu vurğulanıb.

O, qeyd edib ki, birlik və həmrəylik göstərən Azərbaycan diasporunun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva xaricdə yaşayan soydaşlarımızın hər zaman, o cümlədən Vətən müharibəsi dönəmində Azərbaycanın yanında olduqlarını bildiriblər.

Tədbirdə çıxış edən misirli alimlər vurğulayıblar ki, Azərbaycanın dövlət quruculuğu, beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində əvəzsiz xidmətlər göstərən Heydər Əliyev müxtəlif ölkələrlə, o cümlədən Misirlə ikitərəfli əməkdaşlıq əlaqələrini inkişaf etdirən böyük dövlət xadimi olub.

Tədbir Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayiş etdirilməsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi