Minnesota ştatında Azərbaycan Günü elan edilməsinin təşəbbüskarı açıqlama verdi

Minnesota ştatında Azərbaycan Günü elan edilməsinin təşəbbüskarı açıqlama verdi Sözügedən bəyanatın imzalanması Azərbaycan xalqı və dövləti üçün böyük bir uğurdur
Diaspor
298
13 Fevral , 2021 10:45
Minnesota ştatında Azərbaycan Günü elan edilməsinin təşəbbüskarı açıqlama verdi

ABŞ-ın Minnesota ştatında fəaliyyət göstərən Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallis ştatın qubernatorunun 26 fevralın Azərbaycan Günü elan edilməsi ilə bağlı imzaladığı bəyanatla bağlı açıqlama verib.

Günel Rallis “Report”a deyib ki, sözügedən bəyanatın imzalanması Azərbaycan xalqı və dövləti üçün böyük bir uğurdur.

Bəyanatın necə imzalanmasından danışan assosiasiya rəhbəri bildirib ki, bu ilin yanvar ayında 26 fevralın Azərbaycan Günü elan edilməsi ilə bağlı ştat qubernatoruna müraciət edib:

“Amma müraciətimə xalqlararası münaqişələrə toxunmaq istəmədikləri əsas gətirilərək rədd cavabı verildi. Çünki bəyanatda ermənilərin törətdiyi soyqırımı və faciələrlə bağlı dəqiq və dolğun məlumatlar vermişdim. Ona görə də ermənilərə qarşı heç bir addım ata bilməyəcəklərini dedilər. Məlum məsələdir ki, Minnesota ştatının rəhbərliyi Demokratlar Partiyasının nümayəndələridir və demokratlar da ermənipərəstdirlər. Mən də rədd cavabını qəbul etmədim. Çünki bu, Azərbaycan tarixində Minnesota ştatındakı ilk müraciət idi. Ona görə də sonradan bu bəyanatın imzalanmasına nail olduq. ABŞ-ın Minnesota ştatının qubernatoru Tim Volzun 26 fevral tarixinin Azərbaycan Günü elan edilməsi ilə bağlı bəyanat imzalaması Azərbaycan xalqı və dövləti üçün böyük bir uğurdur”.

G.Rallis Xocalı soyqırımı ilə bağlı ştatın magistral yollarında məlumatlandırıcı lövhə yerləşdirəcəklərini bildirib. Onun sözlərinə görə, üzərində Xocalı faciəsi ilə bağlı məlumatların əks olunacağı lövhələr fevralın 20-dən etibarən yol kənarlarında nümayiş olunacaq. Assosiasiya rəhbəri bildirib ki, artıq bu lövhələrin quraşdırılması ilə bağlı ilkin razılaşmalar əldə olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı “Report”a açıqlamasında deyib ki, Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycan diasporu müxtəlif ölkələrdə müxtəlif xarakterli tədbirlər təşkil edir və soyqırımının tanıdılması üçün addımlar atılır:

“ABŞ-ın Minnesota ştatında 26 fevralın Azərbaycan Günü elan edilməsi də məhz bu qəbildəndir. Bu cür nəticənin əldə olunması Azərbaycan diaspor təşkilatlarının, eyni zamanda ayrı-ayrı soydaşlarımızın fəallığının nəticəsidir. Soyqırımının ildönümü yaxılaşdıqca biz bu cür faktların sayının daha da artdığını görəcəyik. Burada məsələyə iki aspektdən yanaşa bilərik: Birincisi, müharibə hərb meydanında bitsə də, informasiya cəbhəsində davam edir. Bununla da azərbaycanlıların mübarizəsi davam edir. Xaricdə yaşayan azərbaycanlılar həm Qarabağla bağlı həqiqətlərin çatdırılmasında, həm də konkret olaraq bu ay Xocalı soyqırımının ildönümündə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında daha da fəallaşıb. Digər tərəfdən belə bir bəyanatın qəbul olunması onun göstəricisidir ki, xaricdəki azərbaycanlılar yaşadıqları cəmiyyətə daha yaxşı inteqarasiya edə biliblər”.

Qeyd edək ki, ABŞ-ın Minnesota ştatının qubernatoru Tim Volz fevralın 26-sının Azərbaycan Günü elan edilməsi ilə bağlı bəyanat imzalayıb. Bəyanatın imzalanması Minnesota Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallisin təşəbbüsü olub. Bəyanatda qeyd olunub ki, Minnesotada yaşayan azərbaycanlılar ana dilini, zəngin milli-mədəni dəyərlərini, ənənələrini qoruyub-saxlamaqla, həmçinin təbliğ etməklə yerli mədəniyyətə töhfə verməkdədirlər.

Xatırladaq ki, daha əvvəl 2016-cı ildə ABŞ-ın Minnesota ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar qətnamə qəbul edib.

Günel Rallis
Günel Rallis

Son xəbərlər

Orphus sistemi