İstanbul. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Konsitutsiyasında dəyişiklik edilməsi məqsədi ilə ümumxalq səsverməsində - referendumda Türkiyədə yaşayan azərbaycanlılar da iştirak ediblər. “Report”un Türkiyə bürosu xəbər verir ki, Türkiyədə seçki məntəqəsi paytaxt Ankarada, Azərbaycanın Ankaradakı səfirliyində və İstanbul şəhərində, Azərbaycanın İstanbuldakı Baş konsulluğunda qurulub.
Məntəqələr Türkiyə saatı ilə 08:00-da açılıb. İstanbulda yaşayan azərbaycanlılar 17 saylı Yasamal üçüncü seçki dairəsi 51 saylı seçki mətəqəsinə üz tutublar. İstanbul ətrafı şəhərlərdən Kocaeli və Bursada yaşayan azərbaycanlılar seçkidə aktivlik nümayiş etdiriblər.
Azərbaycanın İstanbuldakı Baş konsulluğundan “Report”a verilən məlumata görə, rəsmi qeydiyyatda olan 956 seçici var. Seçki məntəqəsində ilk səsverən Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev olub.
Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev “Report”a açıqlamasında bildirib ki, ölkə başçısı İlham Əliyevin referendumla bağlı qərarından sonra konsulluq gərgin iş rejimində işləyib: “Konsulluq qeydiyyatına düşən Azərbaycan vətəndaşlarının sosial tərkibi müxtəlifdir. Buradakı ali təhsil ocaqlarında çalışan müəllimlərlə yanaşı, İstanbulda müxtəlif sahələrdə və Azərbaycanın müxtəlif təşkilatlarının təmsilçiliklərində çalışan vətəndaşlar, tələbələr və eləcə də ahıska türkləri var. Azərbaycanın İstanbuldakı Baş konsulluğu olaraq rəsmi internet saytımızda, konsulluğun "twiter" və "facebook" səhifələrində mütəmadi olaraq məlumatlar yerləşdirdik və seçicilərimizin seçkidə aktiv iştirakı üçün bütün lazımi məlumatları ötürməyə çalışdıq. Seçicilərə səsvermənin saatı və yeri ilə bağlı telefonlar vasitəsilə də məlumatlar ötürülüb”.
Baş konsul qeyd edib ki, məntəqələr seçki tələblərinə uyğun olaraq, 2 sesvermə qutusu və 3 səsvermə kabinəsi ilə təmin olunub. Onun sözlərinə görə, səhər saatları olmasına baxmayaraq, İstanbulda yaşayan azərbaycanlılar səsvermədə aktivlik nümayiş etdirirlər.
Referendum Türkiyə saatı ilə 19:00-da yekunlaşacaq.