Türkiyənin İstanbul şəhərində yaşayan azərbaycanlılar Novruz bayramını qeyd ediblər.
"Report"un Türkiyə bürosunun məlumatına görə, İstanbul Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutan tədbir İstanbul boğazında hərəkət edən “Validə Sultan” gəmisində keçirilib.
Təqribən 400 nəfərin qatıldığı bayram şənliyində Azərbaycan xalq mahnılarının sədaları altında milli rəqslərimiz ifa olunub, Novruz bayramının adət-ənənələri nümayiş etdirilib. Həmçinin tonqallar qalanıb, milli geyimli gənclər yumurta döyüşdürüblər.
Tədbirdə dərnəyin sədri Səfər Qaraqoyunlu, İSTAD-ın baş katibi Mətin Yıldırım, Avropa Azərbaycanlılar Konqresinin (AAK) prezidenti Sahil Qasımov və Türkiyədə təhsil alan tələbələrimiz çıxışlarında Novruz bayramının tarixindən, ənənələrindən danışıblar. Onlar Novruzun yeni gün olduğuna diqqət çəkərək, dünyanın bütün ölkələrində yaşayan həmvətənlərimizin bu günü böyük sevinclə qeyd etdiyini deyiblər. Novruz tonqallarının Şuşada, Qarabağda alovlanması üçün dualar edilib.
Sonda Azərbaycanı Türkiyədə təmsil edən media nümayəndələrinə, o cümlədən “Report” İnformasiya Agentliyinin Türkiyə bürosuna, Azərbaycan həqiqətlərinin işıqlandırılmasında xidmətlərinə görə təşəkkürnamələr təqdim olunub.
Vüsalə Abbasova