Bakı. 22 may. REPORT.AZ/ Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov İspaniyanın Kataloniya Muxtar Respublikasında diaspor üzvləri ilə görüş keçirib.
AAK-dan "Report"a bildirilib ki, görüş zamanı Barselona Azərbaycanlıları Cəmiyyətinin sədri Kərim Kərimov bölgədəki diaspor fəaliyyəti barədə məlumat verib.
O qeyd edib ki, cəmiyyətlərinin əksəriyyəti gənclərdir və Azərbaycan həqiqətlərinin İspaniyada təbliğində fəaldırlar: “Təşkilatımız İspaniyanın ərazi bütövlüyünü dəstəkləyir, Kataloniya və Qarabağ münaqişəsinin eyniləşdirmək və paralellik göstərmək istəyən erməni lobbisinə qarşı inadlı mübarizə aparır”.
Son vaxtlar Kataloniyada erməni lobbisinin xeyli aktivləşdiyini deyən Kərimov İspaniyanın yerli siyasətçiləri ilə əlaqələri möhkəmləndirdiklərini bildirib. Barselona Azərbaycanlıları Cəmiyyətinin AAK-a üzvlük məsələsi də müzakirə olunub.
Görüşdə İspaniyada Azərbaycan diasporunun yeni miqyasda təşkilatlanmasına start verilməsi ilə bağlı planlardan da danışılıb.
Sahil Qasımov daha sonra Barselonada İspaniyanın tanınmış hüquqşünası Xaver Medina Ortiz və xanımı Teresa Pinol ilə görüşərək onların Azərbaycan diasporu ilə əməkdaşlığını müzakirə edib. Azərbaycana xüsusi rəğbətini ifadə edən Xavier Ortiz Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında maraqlı olduğunu bildirib.
Görüş zamanı AAK-ın İspaniya rəsmiləri və siyasətçiləri ilə əməkdaşlığın gücləndirilməsi də müzakirə olunub.