Gürcüstanda Azərbaycandilli məktəbin yeni binası istifadəyə verilib - ƏLAVƏ OLUNUB

Gürcüstanda Azərbaycandilli məktəbin yeni binası istifadəyə verilib - ƏLAVƏ OLUNUB Gürcüstanın Marneuli rayonunda 1 saylı Azərbaycandilli ictimai məktəb üçün inşa olunan yeni bina istifadəyə verilib.
Diaspor
16 Sentyabr , 2019 09:05
Gürcüstanda Azərbaycandilli məktəbin yeni binası istifadəyə verilib - ƏLAVƏ OLUNUB

Gürcüstanın Marneuli rayonunda 1 saylı Azərbaycandilli ictimai məktəb üçün inşa olunan yeni bina istifadəyə verilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu gün təhsil müəssisəsinin açılış mərasimi keçirilib.

150 şagird üçün nəzərdə tutulan ikimərtəbəli müasir məktəb binasının inşasına dövlət büdcəsindən 1 mln. laridən çox (337 min dollardan artıq) vəsait xərclənib.

Yeni məktəb binasının açılış mərasimində Kvemo Kartli (Borçalı) bölgəsinin qubernatoru Şota Rexviaşvili, Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Levan Xaratişvili, Marneuli rayonunun icra başçısı Zaur Darğallı, parlament üzvü Ruslan Hacıyev, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.


*** 

L.Xaratişvili təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvilinin adından şagirdlər, onların valideynləri və müəllimləri yeni dərs ilinin başlaması münasibətilə təbrik edib. O deyib ki, təhsil Gürcüstan hökumətinin əsas prioritetlərindən biridir və bundan sonra da ölkə ərazisində yeni məktəblərin inşası prosesi davam etdiriləcək.

Azərbaycanın Gürcüstandakı səfiri D.Həsənov yeni məktəb binasının açılışı münasibətilə marneuliləri təbrik edib. O, təhsil müəssisəsi üçün yeni binanın inşasına görə Gürcüstan hökumətinə təşəkkürünü bildirib.

Diplomat qeyd edib ki, əvəllər "taxta məktəb" adlandırılan Marneuli 1 saylı məktəb bu gün artıq müasir məktəbə çevrilib.

Səfir deyib ki, iki gün öncə Azərbaycanın Qax rayonunun Əlibəyli kəndində müasir gürcüdilli məktəb istifadəyə verilib.

Sonra çıxış edən Ş.Rexviaşvili, Z.Darğallı və digərləri bugünkü günü Marneuli üçün çox önəmli gün adlandırıblar. Onlar məktəb kollektivini yeni məktəb münasibətilə təbrik edərək yeni dərs ilində müvəffəqiyyətlər arzu ediblər.

Qeyd edək ki, Marneulidə "taxta məktəb" adlandırılan 1 saylı məktəbin binası yararsız vəziyyətdə olduğundan 2016-cı ilin aprelində sökülüb. Son illər təhsil müəssisəsinin şagirdləri Marneulinin 8 saylı məktəbində təhsil alıblar.

Son xəbərlər

Orphus sistemi