İyulun 5-də Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 ili tamam olur.
"Report" xəbər verir ki, Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) rəhbəri Abdullah Eren bu münasibətilə Dövlət Komitəsini təbrik edib.
O, iki ölkənin diaspor qurumları arasında sıx əməkdaşlıq mövcud olduğunu bildirərək, bunun təməlində prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasındakı dostluq, qardaşlıq və qarşılıqlı etimadın durduğunu vurğulayıb.
A.Eren qarşılıqlı əməkdaşlığın Şuşa Bəyannaməsinə və “Bir millət, iki dövlət, tək diaspor” fəlsəfəsinə uyğun olaraq davam etdiriləcəyini bildirib. “Yaradılmasının 20 illiyi münasibətilə dəyərli dostum Fuad Muradov başda olmaqla Diasporla İş üzrə Dövlət Komitəsində çalışan hər kəsi təbrik edirəm” – deyə o qeyd edib.
Rusiyanın əməkdar incəsənət xadimi Eldar Əliyev də Dövlət Komitəsinin sədri Fuad Muradova təbrik ünvanlayıb:
“Hörmətli Fuad müəllim!
Sizi və komandanızı Dövlət Komitəsinin 20 illik yubileyi münasibətilə təbrik edirəm. Sizə həvalə olunan və uğurla yerinə yetirdiyiniz missiya şübhəsiz ki, dövlət siyasətinin ayrılmaz hissəsidir. Bu missiya planetimizin dörd bir bir yanında yaşayan azərbaycanlıları birləşdirməyə yönəlib. Bu missiya dövlət siyasətinin çox vacib və əhəmiyyətli hissəsini təşkil edir. Bu siyasətin önəmli cəhətlərindən biri zəngin Azərbaycan mədəniyyətinin bütün dünyada təbliğ edilməsidir. Cəmiyyətin mənəvi inkişafı olmadan onun tam şəkildə inkişafı mümkün deyil. Sizə bundan sonra cənab Prezident İlham Əliyevin Dövlət Komitəsinin qarşısında qoyduğu tapşırıqların yerinə yetirilməsində uğurlar arzu edir, böyük Azərbaycanın çiçəklənməsi və qüdrətlənməsi üçün səylərin birləşdirilməsini və bir yerə istiqamətlənməsini arzu edirəm. Yubileyiniz mübarək!”
Bakı-Neapol Assosiasiyasının prezidenti Cüzeppe Kanilyo ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasının 20-ci ildönümü münasibətilə təbriklərini çatdırıb: “İtaliyadakı və dünyadakı azərbaycanlılar adından, öz adımdan, bu il 15 ili olacaq Neapol-Bakı Assosiasiyasının adından sədr Fuad Muradova səmimi salamlarımı çatdırıram”.
YAŞAT Fondunun Himayəçilik Şurasının üzvü, Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru Məsud Aşina isə qeyd edib ki, güclü Azərbaycan güclü diaspor deməkdir: “Dünya azərbaycanlılarını bir araya gətirmək, diaspora təşkilatlarının işlərini koordinasiya etmək, müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizin yalnız olmadıqlarını, Azərbaycan dövlətinin diqqət və qayğısının daim onlarla olduqlarını onlara hiss etdirmək kimi şərəfli və məsuliyyətli bir missiya daşıyan Diasporla İş üzrə Dövlət Komitəsini yaranmasının 20 illiyi münasibətilə təbrik edirəm və uğurlar arzu edirəm”.