Diaspor Komitəsinin sədri beynəlxalq konfransın iştirakçıları ilə görüşüb

Diaspor Komitəsinin sədri beynəlxalq konfransın iştirakçıları ilə görüşüb Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Azərbaycanda Qızılbaş irsi: tarixin izi ilə” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları ilə görüşüb.
Diaspor
30 Noyabr , 2023 16:01
Diaspor Komitəsinin sədri beynəlxalq konfransın iştirakçıları ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Azərbaycanda Qızılbaş irsi: tarixin izi ilə” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları ilə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan tarixinə mədəni, fəlsəfi baxımdan yeni baxış bucağının ortaya qoyulmasının, türk xalqları tarixinin daha dərindən araşdırılması üçün müxtəlif ölkələrin alimlərinin və qlobal şirkətlərdə çalışan mütəxəssislərin bir araya gətirilməsinin tarixi bir addım olduğu qeyd edilib.

Prezident İlham Əliyevin Azərbaycanın həqiqi tarixinin tədqiqi, tariximizin dünya azərbaycanlıları, eləcə də Azərbaycanın dostları arasında təbliği istiqamətindəki tövsiyələri və komitənin mütəmadi olaraq bu tövsiyələrə uyğun beynəlxalq əhəmiyyətli tədbirlər təşkil etməsi barədə qonaqlara ətraflı məlumat verilib.

Konfrans iştirakçıları komitənin dəstəyi ilə belə bir beynəlxalq elmi konfransın keçirilməsini tarixi hadisə kimi qiymətləndiriblər. Bu hadisənin bütün türk dünyasının tarixinə yeni baxış bucağının ortaya qoyulması, tarixin tədqiq olunmamış səhifələri ilə bağlı araşdırmaların başlanması və qızılbaşların tarixi vətənləri olan Azərbaycanla bağlarının möhkəmlənməsinə şərait yaradacağı diqqətə çatdırılıb.

Qeyd olunub ki, “Azərbaycanda Qızılbaş irsi: tarixin izi ilə” beynəlxalq konfransının müzakirə mövzuları, panel çıxışları dünya alimlərinin diqqətini çəkə bilən və yeni maraqlı müzakirələrə meydan verən mövzulardır. Qonaqlar komitənin qızılbaş irsinin araşdırılması istiqamətində atılan addımları davam etdirəcəyini, dünya alimlərinin yenidən bir araya gətirilməsi üçün sistemli işlər görəcəyini təqdir ediblər.

Qızılbaş Qlobal İrsi Təşkilatının sədr müavini Arşi Qızılbaş konfrans iştirakçılarının, qızılbaş əsilli soydaşlarımızın tarixi vətənləri olan Azərbaycana gəlməkdən böyük məmnunluq hissi keçirdiklərini, bu səfərin dünya qızılbaşlarının Azərbaycanla əlaqələrinin möhkəmləndirilməsi və tarixi köklərinə qayıdışı istiqamətində böyük addım olacağına inamını ifadə edib.

Konfrans iştirakçıları üç il əvvəl Qızılbaş Qlobal İrsi Təşkilatının yaradılmasına, qızılbaş mövzusunun ilk dəfə və geniş elmi çərçivədə müzakirəsinə, səfər çərçivəsində Şuşada olmalarına və oradan təşkilatın bəyanatını səsləndirərək Azərbaycan həqiqətlərini dünyaya yaymaq fürsəti qazandıqlarına görə komitəyə təşəkkür ediblər.

Xatırladaq ki, konfransda Qızılbaş Qlobal İrsi Təşkilatının Pakistan, Türkiyə, ABŞ, Kanada, Birləşmiş Krallıq, Sinqapur və Əfqanıstan üzrə təmsilçiləri, Milli Məclisin deputatları, qızılbaş irsinin Azərbaycan və Türkiyədən olan tədqiqatçıları, müxtəlif dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi