Fransada Azərbaycana ünvanlanan tənqidlər böhtan xarakteri daşıyır.
"Report"un yerli bürosu bildirir ki, bunu Azərbaycanın Fransadakı Dostları Assosiasiyasının (AFDA) prezidenti Jerom Lamber assosiasiyanın illik iclasında bildirib.
İclasda ADA-nın baş katibi Mirvari Fətəliyeva assosiasiyanın başa çatmaqda olan 2023-cü il ərzində təşkil etdiyi tədbirlər üzrə yekun hesabatı assosiasiya üzvlərinə təqdim edib.
Sonra növbəti il üçün nəzərdə tutulan tədbirlər planının təqdim olunub və bu mövzuda təkliflər dinlənilib.
Gündəmə 2023-cü ildə yer alan bir sıra tədbirlərlə yanaşı, Fransa mətbuatında Azərbaycan əleyhinə səsləndirilən böhtanlar, erməni lobbisinin fəaliyyətinin mənfi təsirləri də yer alıb. Assosiasiya üzvləri belə halların ölkələrində baş verməsindən təssüfləndiklərini bildirib, bunun gələcəkdə baş verməməsi üçün tədbirlərin görülməsi ətrafında fikir mübadiləsi aparıblar.
AFDA-nın prezidenti Jerom Lamber Azərbaycanın ünvanına səsləndirilən böhtanların fransalıların fikirləri deyil, bəzi lobbiçilərin mənfur əməllərinin nəticələri olduğunu qeyd edib.
"Biz fransalılar demokratik cəmiyyətdə yaşayırıq və beləliklə konstruktiv tənqidlərə hazırıq. Lakin Azərbaycana ünvanlanan tənqidlər konstruktiv deyil, böhtan xarakteri daşıyır və Azərbaycan buna layiq deyil. Azərbaycanın dostları xalqımızın səsinin Fransada eşidilməsi üçün daha çox səfərbər olacaq. Biz belə halların baş verməməsi üçün daha artıq səfərbər olmalıyıq", - o deyib.
Təşkilatın üzvləri fransalı jurnalistlərin fəaliyyətlərindən də narazılıqlarını bildiriblər. AFDA üzvləri bu məsələdə də ciddi iş aparılmasının, daha səmərəli fəaliyyət üçün tədbirlər planının hazırlanmasınının vacibliyinə toxunublar.