Amerikanın paytaxtı Vaşinqton şəhərində Ermənistan səfirliyinin binası qarşısında erməni silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində təxribat törətməsi və Ermənistanın 30 ildən çox Azərbaycana qarşı davam edən təcavüzü ilə bağlı etiraz aksiyası keçirilib.
“Report”un xüsusi müxbiri xəbər verir ki, Amerikanın Nyu-York, Miçiqan, Nyu-Cersi, Çikaqo və bir çox şəhərlərindən aksiyaya qatılan həmvətənlərimiz Konqres binasının önündən Ermənistanın ABŞ-dakı səfirliyinin qarşısına hərəkət ediblər.
Aksiya iştirakçıları “Qarabağ Azərbaycandır”, “İşğalçı Ermənistan”, “Uşaq qatilləri” şüarları səsləndiriblər. Təxminən bir saat ərzində Vaşinqtonun mərkəzi küçələri ilə hərəkət edən həmvətənlərimizə ABŞ vətəndaşları da dəstək verib.
Soydaşlarımızın son dayanacağı Ermənistanın ABŞ-dakı səfirlik binasının önü olub. Onlar Tovuzda erməni təcavüzü nəticəsində şəhid olan azərbaycanlı hərbi qulluqçuların adlarını səsləndiriblər.
Ermənistan səfirliyinin önündə yüzlərlə azərbaycanlının qarşısına sadəcə iki erməni gənc çıxıb. ABŞ polisi səfirlik binasının önündə təhlükəsizliyi təmin edib.
Aksiyada “Sarı gəlin” mahnısı səsləndirilib. İnsidentsiz başa çatan aksiyanın sonunda bəyanat oxunub.
Vüsalə Abbasova