Yuxarı

Dövlət müşaviri türk icma rəhbərləri ilə görüşüb

O, türk icma nümayəndələrini Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bilik Fondu və Bakı Slavyan Universiteti ilə əməkdaşlığa dəvət edib

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev FUEN Türk Azlıqları (TAG) işçi qrupu toplantısı çərçivəsində Bakıda səfərdə olan bir qrup türk icma nümayəndələri ilə görüşüb.

Bu barədə "Report"a mərkəzdən məlumat verilib.

Görüşdə Avropa Qərbi Trakya Türk Federasiyasının, Moskva “Vətən” cəmiyyətinin, Moskva Qaraçay-Balqar Gənclərinin inkişafına dəstək Fondunun, Kiyev Krım tatarları cəmiyyətinin, Moskva Kumık qurumunun və Azərbaycanda yaşayan Ahıska türklərinin “Vətən” ictimai birliyinin nümayəndələri  iştirak edib.
Dövlət müşaviri Kamal Abdullayev Stalin repressiyası nəticəsində doğma torpaqlarından departasiya edilən Ahıska türklərinə Azərbaycanda daim dövlət qayğısının göstərildiyini bildirib. O, görüşdə iştirak edən bütün türk icma nümayəndələrini Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universiteti ilə əməkdaşlığa dəvət edib. Dövlət müşaviri birlikdə müxtəlif tədbirlərin təşkil olunmasını məqsədəuyğun hesab etdiyini deyib.

Avropa Qərbi Trakya Türk Federasiyasının sədri Halit Habipoğlu Azərbaycanla, xüsusən də Multikulturalizm Mərkəzi ilə əməkdaşlığın çox fayda verəcəyindən ümidli olduğunu bildirib.
Azərbaycanda yaşayan Ahıska türklərinin “Vətən” ictimai birliyinin sədri İbrahim Məmmədov dövlətin Ahıska türklərinə hər zaman göstərdiyi qayğı və dəstəyə görə minnətdarlığını bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi