Ziyafət Əsgərov: "Belə sınaqlardan çox çıxmışıq, narahat olmağa əsas yoxdur"

Ziyafət Əsgərov: "Belə sınaqlardan çox çıxmışıq, narahat olmağa əsas yoxdur" "Azərbaycanın hər bir vətəndaşı belə təxribatlara qarşı ayıq-sayıq olmalıdır"
Daxili siyasət
22 Aprel , 2015 13:19
Ziyafət Əsgərov: Belə sınaqlardan çox çıxmışıq, narahat olmağa əsas yoxdur

Bakı. 22 aprel. REPORT.AZ/ "Biz belə sınaqlardan çox çıxmışıq, əslində bundan da narahat olmağa heç bir əsas yoxdur. İlk Avropa Oyunlarını da yüksək səviyyədə keçirəcəyik". Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov "Report"un sualını cavablandırarkən belə deyib.

Z.Əsgərov qeyd edib ki, Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində də bəzi xarici mətbuat orqanları və QHT-lər Azərbaycana qarşı əsassız kampaniya aparıblar: "Onlara sapı özümüzdən olan baltalar da dəstək verirdilər. Onlar birləşib çox çalışdılar ki, bu yarışmaya kölgə salsınlar, Azərbaycanın imicinə xələl gətirsinlər, amma heç nə alınmadı.

Birinci vitse-spiker hesab edir ki, həmin qüvvələr yenə bir mərkəzdən idarə olunurlar: "İndi yenə başlayıblar, eyni sözləri deyirlər, heç bir mənası, mənəvi, siyasi, hüquqi əsası olmayan bəyanatlar verirlər. Amma Azərbaycanın inkişafı göz qabağındadır. Biz ilk Avropa Oyunlarına ciddi hazırlaşırıq və bu oyunları çox yüksək səviyyədə keçirəcəyik".

Z.Əsgərov bildirib ki, Avropanın bəzi QHT-lərini, özlərini insan haqlarının müdafiəçiləri adlandıran şəxslər məsələlərə ikili standartlarla yanaşırlar: "Niyə bir dəfə Xocalı soyqırımı haqqında bəyanat vermirlər? Ermənilər Azərbaycan ərazisində 30-dan artıq terror aktı törədiblər. Niyə həmin şəxslər bu barədə danışmırlar? Niyə Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkünü haqqında danışmırlar? Amma hansısa bir cinayətkar haqqında o saat bəyanat verirlər, onun məsələsini əldə bayraq edirlər. Görün, burada nə qədər ikili, üçlü standartlar var. Azərbaycanın hər bir vətəndaşı belə təxribatlara qarşı ayıq-sayıq olmalıdır".

Son xəbərlər

Orphus sistemi