Zamana meydan oxuyan, təbii soyuducu kimi istifadə olunan saf sulu kəhrizlər – Ordubaddan REPORTAJ

Zamana meydan oxuyan, təbii soyuducu kimi istifadə olunan saf sulu kəhrizlər – Ordubaddan REPORTAJ Ordubad Azərbaycan tarixində və mədəni həyatında özünəməxsus yer tutur. Ölkə Prezidentinin sərəncamı ilə "Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması da bu yanaşmanın təsdiqi kimi qəbul edilir. Ordubad rayonunda çoxsaylı tarixi və mədəni abidəl
Daxili siyasət
2 İyul , 2024 15:09
Zamana meydan oxuyan, təbii soyuducu kimi istifadə olunan saf sulu kəhrizlər – Ordubaddan REPORTAJ

Ordubad Azərbaycan tarixində və mədəni həyatında özünəməxsus yer tutur. Ölkə Prezidentinin sərəncamı ilə "Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması da bu yanaşmanın təsdiqi kimi qəbul edilir. Ordubad rayonunda çoxsaylı tarixi və mədəni abidələrin mövcudluğu ilə yanaşı, yerli əhalinin həyatında, yaşam tərzində kəhrizlərin də əhəmiyyətli yer tutduğu xüsusi qeyd olunmalıdır.

Ordubadda bəzi evlərin həyətlərində tarixi kəhrizlər hələ də qalmaqdadır. Təqribən 10-15 m dərinlikdə yerləşən kəhrizlərə daxil olmaq üçün qırxpillə, yaxud da qırxayaq adlandırılan pilləkənlərdən istifadə edilir. Lakin burada 40 rəqəmi şərtidir. Çünki bəzən pillələrin sayı bundan az da ola bilir. Eyni zamanda, sakinlər kəhrizlərdən həm də buzxana kimi yararlanaraq, istiyə davamsız ərzaq məhsullarını da orada saxlayırlar. Kəhrizlərdəki suyun keyfiyyətinə gəldikdə isə onlarda lil-çöküntü olmur, tərkibi təmiz və sərindir.

Ordubaddakı qədim məhəllələrin hər birinin inşa xüsusiyyətləri ilə seçilən öz kəhrizi var. Usta kankanlar tərəfindən böyük zəhmət sayəsində inşa olunan kəhrizlərin suyu uzun məsafədən gətirilsə də, öz dad-tamını və sərinliyini qoruyur. Hazırda da Ordubadın bu məhəllələrində suvarma və içməli suya olan tələbatın çox hissəsi kəhriz suları hesabına təmin edilir.Məhəllələrdə yerin üzərinə çıxan sudan sakinlər suvarma və içməli su kimi istifadə edirlər. Suyun bölgüsü ədalətli aparılır. Bu bölgüyə "haqqov" deyirlər.

Ordubad sakini Cəmaləddin Əhmədovun sözlərinə görə, “haqqov” bu ərazidə yaşayan sakinlərin hər birini əhatə edən su bölgüsü “format”ıdır. Onlar kəhrizdən su götürə biləcəkləri tarixi və müddəti dəqiq bilirlər. Qədimdən qalan bu bölgü əsasında kiminsə növbəsinə girməyə və ya suyunu kəsməyə imkan verilmir.

Sakinlər deyir ki, Ordubadda vaxtilə 70-ə yaxın kəhriz olsa da, indi onların təqribən 30-u işlək vəziyyətdədir. Ordubadda məhəllələr mürəkkəb relyef quruluşuna malikdir. Ancaq buna baxmayaraq, kəhrizlərdə suyun normal dövriyyəsi sabit qalır.

C.Əhmədov onu da əlavə edib ki, Ordubad dörd yandan dağlarla əhatə olunub, şəhərin özündə mərkəzə doğru böyük qıf şəklində yeraltı süxurlar yerləşir. Həmin süxurlara yığılan yağış suları yeraltı yolla, çox ağır zəhmətlə qazılan kanallar vasitəsilə kəhrizlərə ötürülür.

Kəhrizlərin yeraltı lağımları yüz illərdir, şəhərin alt hissəsində labirint kimi dolanaraq əhalinin suya olan tələbatını ödəyir. Bu çeşmələr Ordubada həyat verib. Bu gün də, memarlıq quruluşu və saf suyu ilə insanı heyran edən kəhrizlər elmin, texnikanın hələ inkişaf etmədiyi bir dövrdə ata-babalarımız tərəfindən inşa edilərək nəsildən-nəslə, əsrdən-əsrə ötürülən bir miras kimi qorunur və istifadə olunur.

Son xəbərlər

Orphus sistemi