Yuxarı

Yetkinlik yaşına çatmayanlarla cinsi əlaqəyə görə cəzalar ağırlaşdırılıb

Prezident İlham Əliyev Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiqi barədə sərəncam imzalayıb

Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiqi barədə sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Nazirlər Kabineti Azərbaycan qanunlarının və Prezident aktlarının “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat verməli, həmçinin həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Cinayət Məcəlləsində aşağıdakı dəyişikliklər edilsin: 

1. 151-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.

2. 152-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“152.1. On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə —

üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

152.2. Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə —

üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

152.3. Bu Məcəllənin 152.1 və ya 152.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə —

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu Məcəllənin 152 və ya 153-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə görə məsuliyyət həmin maddələrdə göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır.”.

3. 153-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“153.1. On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə —

iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

153.2. Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə —

bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

153.3. Bu Məcəllənin 153.1 və ya 153.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə —

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.

4. Aşağıdakı məzmunda 171.2.3-cü maddə əlavə edilsin:

“171.2.3. yetkinlik yaşına çatmayanın valideynləri və ya üzərinə qanunla yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi qoyulmuş digər şəxslər və ya yetkinlik yaşına çatmayanlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə —”.

5. 171-1.2.4-cü maddədə “vəzifəsi qoyulmuş” sözlərindən sonra “digər” sözü əlavə edilsin.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi