Yuxarı

AXCP funksioneri: "Partiyadan çıxarılanlara töhmət vermək daha yaxşı olardı, hər kəsi təşkilatdan çıxarmaq olmaz"

Onların partiyadan çıxarılmasına təəssüfləndim

Bakı. 5 iyun. REPORT.AZ/ "AXCP-nin Nərimanov rayon təşkilatının sədr müavini Dəyanət Babayevin, təşkilatın Gənclər Komitəsinin üzvləri - Cavid Musazadənin və Ehtiram Mehdiyevin partiyadan çıxarılmasına təəssüfləndim. Onlara partiya Nizamnaməsini pozduqlarına görə xəbərdarlıq oluna, töhmət verilə bilərdi. Bu, daha yaxşı olardı".

Bunu "Report"a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirli deyib.

Onun sözlərinə görə, Nizamnamə pozuntusuna yol vermiş hər kəsi partiyadan xaric etmək doğru deyil: "Bu məsələni araşdırıram. Bildiyiniz kimi, Cavid Musazadə və Ehtiram Mehdiyev bundan əvvəl AXCP-nin Suraxanı rayon təşkilatı Gənclər Komitəsinin üzvü idilər. Həmin təşkilatda olarkən onların partiyadan xaric edilməsi ilə bağlı qərar çıxarılmışdı. AXCP Rəyasət Heyətinin qərarı ilə onlar Nərimanov rayon təşkilatına üzv oldular. İndi isə bu təşkilatdan da çıxarıldılar. Bildirildi ki, onlar Nizamnamə pozuntusuna yol veriblər".

Xatırladaq ki, iyunun 4-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon təşkilatı Məclisinin növbədənkənar toplantısı keçirilib. İclasda Nərimanov rayon təşkilatının sədr müavini Dəyanət Babayevin, Gənclər Komitəsinin üzvləri Cavid Musazadənin və Ehtiram Mehtiyevin fəaliyyəti müzakirə olunub. Müzakirələrin yekununda onların partiya sıralarından xaric edilməsi barədə qərar qəbul olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi