Yuxarı

YAP sədrinin müavini: "Müxalifətin anti-referendum taktikası və cəhdləri tam iflasa uğradı"

Əli Əhmədov: Hazırkı müxalifət sağlam, səmərəli, fərqli düşünən sistemli qrup funksiyasını yerinə yetirə bilmir

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Müxalifətin referenduma etirazını onların özlərindən savayı duyan olmadı. Ən azından onların etirazları, keçirdiyi mitinqlər əhali tərəfindən soyuq etinasızlığa tuş gəldi".

"Report"un xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – icra katibi, baş nazirin müavini Əli Əhmədov "Azərbaycan" qəzetinə müsahibəsində bildirib.

Müxalifətin referendumla əlaqədar reaksiyasının proqnozlaşdırılan olduğunu deyən Ə.Əhmədov qeyd edib ki, Azərbaycan müxalifətinin iqtidarın istənilən təşəbbüsünə etiraz şəklində münasibət bildirməsi adətə çevrilib: "Hesab edirəm ki, bunun bir çox səbəbləri var. Əvvəla, əhali artıq qeyd etdiyim kimi, müxalifətin hakimiyyət tərəfindən irəli sürülən istənilən təşəbbüsə etiraz etməsinə alışıb və ona etinasızlıqdan savayı münasibət bildirmək istəmir. İkincisi, müxalifət xalqın nəzərində nüfuzunu demək olar ki, bütünlüklə itirib. İnsanlar 20 ildən çox eyni adamların uğursuz siyasətçiliyinə neqativ yanaşır, onların perspektivlərinə inanmır. Müxalifət indiki tərkibdə cəmiyyəti maraqlandıran, onun diqqətini az da olsa cəlb edən qrup şansını çoxdan və yəqin ki, birdəfəlik itirib. Nəhayət, referendum aktına və ümumiyyətlə, bu ideyaya etiraz edən müxalifət müzakirəyə çıxarılan məsələləri bir kənara qoyub tamam başqa problemlər barədə bəyanatlar səsləndirirdi. Sanki onlar referendumu bəhanə edərək cəmiyyətə özlərini xatırlatmağa çalışırdılar. Əlbəttə, belə bir taktika hər hansı uğur gətirmək imkanından məhrumdur. Beləliklə, müxalifətin antireferendum taktikası və cəhdləri tam iflasa uğradı. Deyə bilərəm ki, onların referendumun keçirilməsinə mane olmaq üçün təşkil etdikləri uğursuz aksiyalar onsuz da zəif olan mövqelərini daha da aşağı saldı".

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan demokratiya yolu ilə irəliləyən, demokratik təsisatlarını təkmilləşdirən ölkə kimi, əlbəttə ki, sağlam və mütərəqqi müxalifətə ehtiyac duyur: "Təəssüf hissi ilə qeyd etməliyəm ki, cəmiyyətimizdə bu mənada boşluq var. Hazırkı müxalifət sağlam, səmərəli, fərqli düşünən sistemli qrup funksiyasını yerinə yetirə bilmir. Son illərdə Azərbaycanın sürətli inkişafı və müasirləşməsi prosesindən müxalifət azacıq da olsa faydalana bilməyib. Bu müddət ərzində ölkəmizdə çox şey dəyişib, yeniləşib, müasir görkəm alıb. Müxalifət isə bu dəyişikliklərdən tam kənarda qalıb. Nəticədə, sürətlə dəyişən, müasir dünyanın bir parçasına çevrilən Azərbaycanda dəyişikliklərdən və yeniləşməkdən kənarda qalan müxalifətin mövcudluğundan irəli gələn qəribə bir mənzərə yaranıb".

O qeyd edib ki, bütün parametrləri ilə müasir olan iqtidarla dəyişmək, müasirləşmək istək və potensialından məhrum olan müxalifətin yaratdığı təzad gündən-günə dərinləşməkdədir: "Bu isə təbii olaraq onların arasında rəqabət mübarizəsi şansını birincinin xeyirinə təsəvvür edilməyən dərəcədə yüksəldir. Yaxın perspektivdə bu nisbətdə hər hansı dəyişikliyin olacağını ehtimal etmək belə mümkün deyil. Geridə qalmış, unudulmuş və öz vəziyyəti ilə artıq barışmış müxalifətin daim inkişaf edən, əhalisinə xidmət göstərmək istəyi gündən-günə artan və problemləri həll edə bilmək qabiliyyətini hər bir situasiyada təsdiq etməyi bacaran iqtidarla rəqabət mübarizəsinin uğurlu olacağı inandırıcı deyil. Təsvir etdiyim reallıqlar fonunda partiyamızın siyasi perspektivlərinin dərk edilməsi daxili qürur yaradır və Prezident İlham Əliyevin islahatlarının qarşıdakı illərdə yeni böyük inkişafa gətirib çıxaracağına inamı daha da gücləndirir. Bir daha əmin olursan ki, Azərbaycanın bu günü və gələcəyi Heydər Əliyev siyasəti, onu uğurla həyata keçirən Prezident İlham Əliyevlə bağlıdır. Ölkəmizin firavan gələcəyini düşünən hər bir vətəndaşımıza bunu unutmamağı tövsiyə edirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi