YAP-ın parlament əlaqələndiricisi: "30 il əvvəl qəbul edilən qanun demokratik şərtlər və siyasi islahatlar çağırışı ilə uzlaşmır"
- 08 sentyabr, 2022
- 08:10
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, YAP-ın parlament əlaqələndiricisi Hikmət Babaoğlu "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin ilkin variantı ilə bağlı "Report" İnformasiya Agentliyinin suallarını cavablandırıb.
- "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması və qəbul edilməsi hansı zərurətdən irəli gəlir?
- Qeyd etmək lazımdır ki, Azərbaycan öz inkişaf tarixinin tamamilə yeni bir mərhələsinə qədəm qoyub. Tarixi kontekstə bu mərhələ şübhəsiz ki, əldə etdiyimiz parlaq qələbə və qalib xalqa çevrilməyimizlə əlamətdardır. Ancaq siyasi münasibətlər sistemimizdə də inkişafın və zəfərimizin gətirdiyi zəruri keyfiyyət dəyişiklikləri var. Müasir və çoxpartiyalı siyasi sistemimizin formalaşması tarixini bilənlər yaxşı xatırlayırlar ki, bu sistem həm də ərazi bütövlüyümüzün pozulması və artıq tarixə qovuşmuş keçmiş Qarabağ problemi ətrafına şəkillənən bir sistem idi. Ölkəmizdə həyata keçirilən dərin siyasi islahatlar kontekstində siyasi partiyalarımızın fəaliyyəti üçün heç vaxt olmadığı qədər əlverişli imkanlar yaranıb. Ancaq təəssüf ki, indi də siyasi partiyaların fəaliyyəti hələ də düz 30 il bundan əvvəl, 1992-ci ilin iyunun 3-də qəbul edilmiş qanun əsasında tənzimlənir. Bu isə müasir demokratik şərtlər və siyasi islahatlar çağırışı ilə uzlaşmır. Ona görə də yeni qanun layihəsinin hazırlanması zərurəti var idi.
- Layihənin hazırlanması zamanı siyası partiyaların iştirakçılığı və şəffaflıq necə təmin edilib?
- Yeni qanunun qəbul edilməsi zərurəti ilə bağlı ortaq fikir daşıyıcısı olan siyasi partiyalarımız, o cümlədən YAP "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin qəbul edilməsi təşəbbüsü ilə çıxış edərək Milli Məclisə müraciət ediblər. Milli Məclisin sədri Sahibə Qafarova dərhal təşəbbüsə müsbət cavab verərək digər bütün partiyaları da bu qanunun layihələndirilməsi prosesinə qoşulmağa dəvət edib. Nəticədə 39 siyasi partiya bu təşəbbüsü dəstəkləyərək özlərinin təklif və fikirlərini ali qanunverici orqana təqdim ediblər. Artıq qanun layihəsinin ilkin variantı Milli Məclisin saytında dərc edilib. Yəni, bu proses ictimaiyyətə açıq və şəffaf şəkildə aparılıb. Hətta iyulun 26-da Milli Məclis layihə ilə bağlı təkliflərin təqdim edilməsi üçün dövlət qeydiyyatına alınan siyasi partiyalara bir daha müraciət edib. Bu təşəbbüsə qoşulmamaq isə hər bir partiyanın öz işidir. Siyasi partiyaların bundan sonrakı fəaliyyətini tamamilə yeni hüquqi müstəvidə tənzimləyəcək qanun yaradıcılığı prosesində iştirak etməmək həmin partiyanın siyasi sistem qarısında məsuliyyəti və ya məsuliyyətsizliyidir.
- Yeni qanun layihəsi hazırlananda milli və beynəlxalq qanunvericilik təcrübəsi necə əlaqələndirilib?
- Bu qanun layihəsi Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərinə uyğun olaraq hazırlanıb. "Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması zamanı siyasi partiyaların təklifləri ilə yanaşı beynəlxalq təcrübə də öyrənilib. Belə ki, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi nəzərdən keçirilib.
- "Siyasi partiyalar haqqında” yeni qanun layihəsini təkmil layihə hesab etmək olarmı?
- Bu sualın cavabını yaxşı olar ki, öz fəaliyyətini məhz bu qanun əsasında tənzimləyəcək siyasi partiyalar və müstəqil ekspertlər versinlər. Hesab edirəm ki, 39 siyasi partiyanın təkliflərinin ümumiləşdirilərək nəzərə alındığı bir layihə kifayət qədər əhatəli və təkmil hesab edilə bilər. Ancaq onu da nəzərə alaq ki, bu, qanun layihəsinin ilkin variantıdır. Sentyabrın 28-də keçiriləcək ilk ictimai dinləmə və ondan sonra təşkil ediləcək növbəti ictimai dinləmələrdə siyasi partiyaların, digər vətəndaş cəmiyyəti subyektlərinin, ekspertlərin, dövlət orqan və qurumlarının təklifləri nəzərdən keçirilməklə qanun layihəsi daha da təkmilləşdiriləcək. Hər bir demokratik cəmiyyətdə çoxpartiyalı siyasi sistem üçün belə bir qanunun qəbul edilməsi mühüm hadisə hesab edilə bilər. Qanun layihəsinə ictimai marağın yüksək səviyyədə olduğunu nəzərə alsaq, ictimai müzakirələrin kütləvi və fəal keçəcəyini əvvəlcədən proqnozlaşdırmaq olar. Bu isə ümumi məqsədin xeyrinədir .