YAP funksioneri: "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması demokratik və şəffaf formada təşkil edilib"

YAP funksioneri: "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması demokratik və şəffaf formada təşkil edilib" "Son illər ərzində ölkəmizdə həyata keçirilən hərtərfli islahatlar, eyni zamanda siyasi islahatların tərkib hissəsi olaraq formalaşan yeni siyasi konfiqurasiya, həmçinin Vətən müharibəsində qazandığımız möhtəşəm zəfərin yaratdığı yeni reallıqlar ölkəmizin
Daxili siyasət
7 Sentyabr , 2022 18:35
YAP funksioneri: Siyasi partiyalar haqqında yeni qanun layihəsinin hazırlanması demokratik və şəffaf formada təşkil edilib

"Son illər ərzində ölkəmizdə həyata keçirilən hərtərfli islahatlar, eyni zamanda siyasi islahatların tərkib hissəsi olaraq formalaşan yeni siyasi konfiqurasiya, həmçinin Vətən müharibəsində qazandığımız möhtəşəm zəfərin yaratdığı yeni reallıqlar ölkəmizin yeni inkişaf mərhələsinə keçidini təmin edib. Bu isə öz növbəsində ölkədə hər bir sahədə qanunvericilik bazasının müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi zərurətini yaradıb".

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

Onun sözlərinə görə, bütün bunlardan irəli gələrək ölkəmizin demokrtaiya yolunda inkişafını və formalaşan yeni siyasi konfiqurasiyanı daha da sürətləndirmək məqsədilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin qəbul edilməsi də günümüzün əsas tələblərindəndir:

"Nəzərə alsaq ki, “Siyasi partiyalar haqqında” mövcud qanun 1992-ci il 3 iyun tarixində, 30 il bundan bundan əvvəl qəbul edilib və artıq müasir dövrün tələblərinə bir o qədər də adekvat deyil. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər. Artıq bu istiqamətdə fəal işlər görülüb və Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması başa çatıb. Yeni qanun layihəsinin hazırlanması prosesi tamamilə demokratik və şəffaf formada təşkil edilib".

Deputat qeyd edib ki, cari il iyulun 26-da Milli Məclis tərəfindən “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması prosesinə başlandığı barədə mediada açıqlama verilib:

"Hətta ilk dəfə olaraq qanun layihəsi Milli Məclisin plenar iclasına, həmçinin komitələrin iclaslarına çıxarılmazdan əvvəl Milli Məclisin saytında yerləşdirilib. Göründüyü kimi prosesin ictimai əlçatanlığı tam təmin edilmiş və sentyabrın 28-nə isə qanun layihəsi ilə bağlı ilk ictimai dinləmənin keçirilməsi təyin edilib.

Təbii ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların xüsusi maraq dairəsindədir. Odur ki, Milli Məclis tərəfindən bu ilin iyulun 26-da dövlət qeydiyyatına alınmış siyasi partiyalara yeni qanun layihəsi ilə bağlı təkliflərin təqdim olunması üçün müraciət edilib. Ötən müddət ərzində 39 siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclisə təqdim edib ki, bu da özlüyündə layihənin hazırlanmasında siyasi partiyaların iştirakının təmin edilməsinin bariz göstəricisidir".

YAP funksioneri vurğulayıb ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması zamanı siyasi partiyaların təklifləri ilə yanaşı beynəlxalq təcrübə də öyrənilib:

"Belə ki, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi nəzərdən keçirilib.

Hazırda Milli Məclisin saytında yerləşdirilmiş layihə ilkin variantdır və bu, ictimaiyyətin, siyasi partiya və müxtəlif qurumların layihə ilə tanış ola bilmələri üçün yaradılmış imkandır. Sentyabrın 28-i keçiriləcək ilkin ictimai dinləmə, həmçinin növbəti ictimai dinləmə zamanı siyasi partiyaların, digər vətəndaş cəmiyyəti subyektlərinin, ekspertlərin, dövlət orqan və qurumlarının təklifləri nəzərdən keçirilməklə qanun layihəsi üzərində təkmilləşdirmə işləri aparılacaq.

Siyasi partiyaların təkliflərinin, beynəlxalq təcrübənin, eləcə də keçiriləcək ictimai dinləmələrin kompleks halda nəzərə alınması nəticəsində müasir dövrümüzün tələblərinə cavab verəcək “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanacaq ki, bu da siyasi sistemimizin daha da təkmilləşdirilməsi işinə verilmiş növbəti töhfə olacaq".

Son xəbərlər

Orphus sistemi