YAP-a qoşulmuş partiyanın sədri: "Hakim komanda Azərbaycanın mənafeyinə xidmət edən addımlar atır"

YAP-a qoşulmuş partiyanın sədri: "Hakim komanda Azərbaycanın mənafeyinə xidmət edən addımlar atır" Milli Qurtuluş Partiyası YAP-a qoşulub
Daxili siyasət
6 Mart , 2021 17:22
YAP-a qoşulmuş partiyanın sədri: Hakim komanda Azərbaycanın mənafeyinə xidmət edən addımlar atır

“Bizim Yeni Azərbaycan Partiyasına (YAP) qoşulmaqla bağlı təşəbbüsümüz zamanın tələbindən irəli gəlib. Hesab edirəm ki, bunu Azərbaycanda yeni bir siyasi dövrün, münasibətlərin başlanğıcı kimi qəbul etməliyik”.

Bu fikirləri “Report”a açıqlamasında YAP-a qoşulmuş Milli Qurtuluş Partiyasının sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, ölkədə çoxlu siyasi partiya var: “Onların konkret, aydın hədəfləri və bir-birindən fərqli ideoloji, siyasi platformaları yoxdur. Sadəcə bir çoxları şəxslər üzərində qurulmuş və ciddi sosial bazaya malik olmayan partiyalardır. Hesab edirəm ki, partiyaların bu qədər çox olması ölkənin siyasi sisteminin tam gücüylə işləyə bilməməsinə, siyasi münasibətlərin qurulmasında problemlərin yaranmasına səbəb olur. Əgər partiyalar eyni mərama, mövqeyə malikdirsə onlar birləşə bilər. Bizim partiya ilk dövlət qeydiyyatından keçən partiyalardan biri olub. Partiyamız və mən milli maraqların, dövlətçilik prinsiplərinin daim müdafiəsində olmuşuq. Biz görürük ki, ölkə Prezidentinin başçılığıyla hakim siyasi komanda birmənalı şəkildə Azərbaycanın mənafeyinə xidmət edən addımlar atır. Son bir ildə institutsional, kadr islahatları aparılıb. Prezident tərəfindən korrupsiya, rüşvətxorluq, məmur özbaşınalıqlarına qarşı ciddi və srt mövqe ortaya qoyulub. Hazırda milli maraqlara xidmət edən siyasət həyata keçirilir. Bütün bunlar partiyamızın YAP-a birləşməsilə bağlı qərarına gətirib çıxardı”.

V.Oruc həmçinin bildirib ki, 30 ildən çox işğal altında olan torpaqlarımızın azad olunması hər bir azərbaycanlının, o cümlədən bizim partiyanın üzvlərinin arzusuydu: “Ali Baş Komandanın başçılığıyla 44 günlük Vətən müharibəsində bu problem həll olundu. Torpaqlarımız düşməndən azad edildi. Əgər bir partiyanın qarşısında qoyduğu hədəflərə digər bir partiyanın real olaraq çatmaq imkanı varsa və bu istiqamətdə addımlar atılırsa, konkret tədbirlər görülürsə, bu məsələlərdə niyə bir araya gəlinməsin? Ona görə də bizim qərarımız YAP-ın daxilində fəaliyyət göstərmək oldu. Bizim müraciətimizə YAP-ın VII qurultayında da müsbət qərar verildi. Dövlət başçısı da çıxışında qeyd etdi ki, yeni partiyaların YAP-a birləşməsi YAP-ı daha da gücləndirəcək. Biz də həmin fikirdəyik. Bizim gücümüz hakim partiyanın daha da güclənməsinə xidmət göstərəcək”.

Son xəbərlər

Orphus sistemi