"Xankəndidə seçici fəallığı müşahidə olunur. Proses çox şəffaf keçirilir".
Bunu "Report"un Qərb bürosunun Xankəndiyə ezam olunan əməkdaşına açıqlamasında 122 saylı Xankəndi seçki dairəsinin 14 saylı seçki məntəqəsinin sədri İmran Mirzəyev deyib.
Onun sözlərinə görə, səsvermədə seçici fəallığı yüksəkdir.
Məntəqə sədri bildirib ki, müstəqillik dövründə Xankəndidə ilk dəfə səsvermənin keçirilməsi qürurvericidir:
"Seçicilərimiz böyük fərəh hissi ilə gəlib səs verirlər. Səsvermədə heç bir mənfi hal qeydə alınmayıb".
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.