Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı hazırlanıb

Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı hazırlanıb Layihənin müzakirəsində Nazirlər Kabinetinin, nazirliklərin, komitələrin və digər qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər
Daxili siyasət
14 İyul , 2017 15:57
Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı hazırlanıb

Bakı. 14 iyul. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə iyulun 14-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planının layihəsi müzakirə olunub.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Prezident İlham Əliyevin 2017-ci il mayın 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamına əsasən hazırlanan Tədbirlər Planının layihəsinin müzakirəsində Nazirlər Kabinetinin, nazirliklərin, komitələrin və digər qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, 2018-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli demokratik respublikanın yaranmasının 100 illiyi tamam olacaq: "Bu əlamətdar yubiley Azərbaycanın dövlətçilik tarixinin, müstəqillik illərində əldə etdiyi uğurların bütün dünyada daha geniş şəkildə tanıdılması üçün əlverişli fürsətdir. Müxtəlif qurumlara bununla bağlı tədbirlərin keçirilməsi ilə bağlı ünvanlanan müraciətə cavab olaraq 195 təklif alınıb. Onlardan 100-ü Tədbirlər Planının layihəsinə daxil edilib".

Nazirlər Kabinetinin humanitar məsələlər şöbəsinin müdiri İsmayıl Sadıqov, maliyyə nazirinin birinci müavini İlqar Fətizadə, xarici işlər nazirinin müavini Xələf Xələfov, ədliyyə nazirinin müavini Məhərrəm Əliyev, təhsil nazirinin müavini Mətin Eynullayev, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev və AZƏRTAC-ın baş direktorunun müavini Dağbəyi İsmayılov Tədbirlər Planının layihəsi ilə bağlı təkliflərini irəli sürüblər.

Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı nəinki ölkə daxilində, eləcə də bütün dünyada və aparıcı beynəlxalq qurumlar çərçivəsində müxtəlif mövzularda tədbirlər keçiriləcək, kitablar nəşr olunacaq, sənədli filmlər çəkiləcək. Bu əlamətdar tarix ilə bağlı müxtəlif dillərdə ümumi bir saytın yaradılması və bütün foto və videomaterialların, xəbərlərin burada yerləşdirilməsi də təklif olunub.

Son xəbərlər

Orphus sistemi