Yuxarı

​Müsavat Partiyasının Məclis üzvü: "Bütün hallarda Vurğun Əyyubun namizədliyi irəli sürüləcək"

Burada müəyyən qədər qərəz görünür

Bakı. 13 aprel. REPORT.AZ/ "Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının Suraxanı rayon təşkilatının Vurğun Əyyubun namizədliyinin irəli sürülməsi barədə qəbul etdiyi qərarı ləğv etməsində müəyyən qədər qərəz görünür".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının Məclis üzvü, partiyanın Suraxanı rayon təşkilatının Şura üzvü Arifə Hüseynli deyib.

Şuranın qərarının iclasda iştirak etməyən üç nəfərin şikayəti əsasında ləğv olunduğunu deyən A.Hüseynli xatırladıb ki, iclasda 12 nəfər iştirak edib: "Bəllidir ki, həmin üç nəfər iştirak etsəydi belə, irəli sürdükləri namizəd təsdiq olunmayacaqdı. Çünki çoxluq Vurğun Əyyubun namizədliyinin irəli sürülməsini dəstəkləyir. Bu, faktdır. Təşkilatın Şura iclası yenidən çağırılacaq və Vurğun bəyin namizədliyinin irəli sürülməsi məsələsi yenidən qaldırılacaq".

A.Hüseynli qeyd edib ki, Vurğun Əyyubun namizədliyinin irəli sürülməsinə partiya qərarları əngəl ola bilməz: "Bütün hallarda Vurğun Əyyubun namizədliyi 30 saylı Suraxanı Birinci Seçki Dairəsindən irəli sürüləcək. Biz buna çalışacağıq. Partiyanın mənasız qərar çıxarması bu işə əngəl ola bilməyəcək. Partiyanın Azərbaycan Demokratiya və Rifah Hərəkatında təmsil olunan üzvləri daim partiyada aktiv olublar. Onlar keçirilən seçkilərdə aktivlik nümayiş etdiriblər. Müsavat üzvlərinin fəaliyyət göstərdiyi ictimai hərəkat təkcə ADR deyil ki... ADR-də təmsil olunmaq o demək deyil ki, bu şəxslər anti-müsavatçıdırlar. Belə yanaşmalar düzgün deyil".

Xatırladaq ki, Müsavat Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sonuncu iclasında şikayət əsasında partiyanın Suraxanı rayon təşkilatının Şura iclasında Vurğun Əyyubun namizədliyinin irəli sürülməsi barədə çıxarılan qərara baxılıb və qərar ləğv edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi