İşğaldan azad olunmuş dörd kənddə də minatəmizləmə əməliyyatlarına başlanılıb.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
Onun sözlərinə görə, bu çərçivədə həyata keçirilən tədbirlər çərçivəsində Qazaxın işğaldan azad olunmuş dörd kəndində də minatəmizləmə əməliyyatlarına başlanılıb:
“Minatəmizləmə texnikaları ilə bağlı onu deyə bilərəm ki, 2021-ci ildən proses başladı, istehsaldan sonra biz minatəmizləmə maşınını dörd ay sınaqdan keçirdik. Bugünkü “Revival-T” və “Revival P” maşınları tank və piyada əleyhinə minatəmizləmədə istifadə olunur və digər texnikalardan heç də geri qalmır.
Texnikalarla yanaşı, minatəmizləmədə heyvanlardan da istifadə olunur, onlar bizim işimizin sürətlənməsinə kömək edirlər. Bu gün səkkiiz ölkə və səkkiz beynəlxalq təşkilat ANAMA-ya minatəmizləmədə dəstək göstərir. Ancaq bu dəstək minatəmizləmə prosesinin cəmi 4,4 faizini təşkil edir.
Hazırda ANAMA əməkdaşlarının sayı 4 dəfədən çox artıb. Onların təchizat və avadanlıqlarının sayı da artıb. Yeni heyvanların minatəmizləməyə cəlbinə gəldikdə isə hələ ki belə bir məsələ yoxdur. Bərpa-quruculuq işləri necə sürətlə gedirsə, minatəmizləmə də o qədər sürətlə aparılır, biz buna çalışırıq.
Biz tapşırıqlara uyğun işləyirik və ona uyğun işçi qüvvəsi və avadanlıq cəlb edirik. Artıq işğaldan azad olunmuş dörd kənddə də minatəmizləmə əməliyyatlarına başlanılıb”.