İranın Azərbaycandakı səfirliyinin binası önündə mayın 19-da helikopter qəzasında həlak olmuş şəxslərin xatirəsi üçün guşə yaradılıb.
"Report" xəbər verir ki, ölkə vətəndaşları İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onları müşayiət edən digər şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olması ilə əlaqədar İran xalqına dəstək nümayiş etdirirlər.
Sakinlər yaradılmış xatirə guşəsinin qarşısına gül qoyaraq faciə qurbanlarının xatirəsini yad ediblər.
Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub. İranda 5 günlük matəm elan edilib.