Elçin Nadirov: "Vəkillik institutu son iki ildə yeni nəfəslə ortaya çıxdı" - MÜSAHİBƏ

Elçin Nadirov: "Vəkillik institutu son iki ildə yeni nəfəslə ortaya çıxdı" - MÜSAHİBƏ Report məhkəmə-hüquq sahəsində və vəkillik institutu ilə bağlı aparılan islahatlarla bağlı Vəkillər Kollegiyasının üzvü, 20 saylı Vəkil Bürosunun vəkili Elçin Nadirovla müsahibəni təqdim edir:
Daxili siyasət
12 Noyabr , 2019 13:40
Elçin Nadirov: Vəkillik institutu son iki ildə yeni nəfəslə ortaya çıxdı - MÜSAHİBƏ

"Report" məhkəmə-hüquq sahəsində və vəkillik institutu ilə bağlı aparılan islahatlarla bağlı Vəkillər Kollegiyasının üzvü, 20 saylı Vəkil Bürosunun vəkili Elçin Nadirovla müsahibəni təqdim edir:

- Azərbaycanda Konstitusiya günü qeyd edilir. Konstitusiyaya görə, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ var. Azərbaycanda bu hüququn təminatı hansı səviyyədədir?

- Öncə, Konstitusiya Günü münasibətilə hamını təbrik edirəm. Konstitusiya hər bir suveren dövlətin ana qanunudur. Konstitusiyada insanların əsas hüquq və azadlıqları təsbit olunur. Tamamilə doğru buyurusunuz ki, Konstitusiyada 3 hissədən ibarət olan 61-ci maddə məxsusi olaraq vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququna həsr edilib. Eyni zamanda maddədə göstərilib ki, vətəndaşın hüquqi yardım almağa maddi imkanı yoxdursa, o, dövlət hesabına ödənişsiz hüquqi yardım əldə edir. Bu maddədə birbaşa vəkilliyə aid olan üçüncü məqam ondan ibarətdir ki, hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ var. Bu, vəkilliyin konstitusion təsisat olduğunu bir daha ortaya qoyur.

Qeyd etmək istəyirəm ki, Konstitusiya ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilib. Konstitusiyamızın banisi, əsas yaradıcısı və qurucusu Azərbaycan Respublikasının Prezidenti olmuş ulu öndər Heydər Əliyevdir. Məhz onun sədrlik etdiyi komissiyanın hazırladığı Konstitusiya 12 noyabr 1995-ci ildə referendum yolu ilə qəbul edilib.

Bu gün vəkillik qeyri-dövlət təsisatı olaraq fəaliyyəti xüsusi qanun əsasında - 1999-cu ildə qəbul edilmiş "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunla tənzimlənir. Həmin Qanunda vəkillik fəaliyyətinin təşkilati, hüquqi, maddi əsasları göstərilib, vəkil olmaq istəyən şəxslərə qarşı tələblər müəyyən edilib. Eyni zamanda, vəkilliyin şəffaf bir institut olaraq, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsində yeri və digər məsələlər Qanunda əksini tapıb.

Bilirsiniz ki, dəflərlə etiraf edildiyi kimi, son bir neçə il əvvələ qədər vəkillik institutu durğunluq dövrünü yaşayırdı. Buna görə, vəkil olan şəxslərə də birmənalı münasibət bəslənilmirdi. Çünki onların bəzilərini əsasən bir vasitəçi, prosessual cəhətdən qeyri-qanuni fəaliyyətlə məşğul olan şəxslər kimi tanıyırdılar. Vəkilliyə olan bu etimadsızlığın aradan qaldırılması üçün zəruri addımlar da atılmırdı. Bütün bunlar nəzərə alınmaqla, son illər ölkəmizdə daha sürətlə aparılan islahatlar vəkillik institutuna da yenidən baxılmasını, bu təsisatın gücləndirilməsinin zəruriliyini ortaya qoydu. Belə ki, 7 dekabr 2017-ci ildə Azərbaycan vəkillərinin ümumi konfransı keçirildi və Anar Bağırov yekdilliklə Vəkillər Kollegiyasının sədri seçildi. Həmçinin Vəkillər Kollegiyası Rəyasət Heyətinin yeni tərkibi formalaşdı və vəkillik fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yeni sənədlər qəbul edildi. Xüsusilə vəkillərin etik-davranış qaydalarını təsdiqləyən əsasnaməni qeyd etmək istərdim. 

Digər tərəfdən, vəkillik institutunun yenidən nüfuz sahibinə və zəruri təsisata çevrilməsi ilə əlaqədar dövlət tərəfindən bu sahəyə böyük dəstək verildi. Nəticə olaraq, vəkillik institutu son iki ildə yeni nəfəslə, yeni çağırışlarla ortaya çıxdı və indi yeni bir vəkillik təsisatı ilə üzləşirik.

- İki ilə əvvəl qanunvericiliyə edilən dəyişikliklə nümayəndəlik institutuna məhdudlaşdıma tətbiq edildi. Bu, vətəndaşların hüquqi müdafiəsinə və yardım alma hüququna necə təsir göstərdi?

- Çox maraqlı sualdır, ancaq mən bunu məhdudlaşdırma kimi qeyd etməzdim. Məsələnin qısa tarixçəsinə baxsaq, 2017-ci ilə qədər Azərbaycanın prosessual qanunvericiliyndə şəxslərin məhkəmələrdə öz nümayəndələri vasitəsilə təmsil olunmaq hüququ təsbit olunmuşdu. Bu, açıq bir norma idi və hətta hüquqşünas olmayan, təmsil etdiyi şəxslə heç bir yaxınlığı, bağlılığı, qohumluq münasibəti olmayan şəxs onu məhkəmədə və digər dövlət orqanlarında təmsil edə bilirdi. Bu da nəticə etibarilə ona gətirib çıxarıdı ki, vətəndaşın müdafiə hüququ olduqca aşağı səviyyədə, qeyri-peşəkar şəkildə həyata keçirilirdi. Hətta arzuolunmayan nəticələrə səbəb olurdu. İnsanları müəyyən maddi təminat qarşılığında aldadıb, guya hüquqlarını təmsil etmək adı ilə keyfiyyətsiz müdafiə edirdilər. Ona görə də qərara alındı ki, vətəndaşlara Konstitusiyada nəzərdə tutulmuş yüksək keyfiyyətli hüquqi yardımı yalnız və yalnız peşəkar hüquqşünaslar - vəkillər həyata keçirsin. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunda nəzərdə tutulan tələblərə uyğun olaraq, bu təsisatın üzvləri tərəfindən vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinin həyata keçirilməsinin təminatı kimi vəkillik institutunun möhkəmlənməsi baş verdi. Ona görə də, qətiyyən deməzdim ki, bu dəyişiklik vətəndaşların müdafiəsini hansısa şəkildə məhdudlaşdırdı, onlar köməksiz, hüquqi müdafiəsiz qaldı. Bu gün mövcud reallaıqda elə bir mənzərə yoxdur, insanların müdafiə olunması ilə bağlı heç bir şikayətlə qarşılaşmırıq. Hərçənd, qanunvericilikdə qalır ki, yaxın qohunlar vətəndaşın hüquqlarını müdafiə edə bilərlər. Amma vətəndaşlarımıza da tövsiyə olunur ki, əgər siz öz probleminizin həllini düzgün, qanun çərçivəsində və öz xeyrinizə həll etmək istəyirsinizsə, mütləq peşəkar hüquqi yardımdan istifadə etməlisiniz. Bu yardımı isə bu gün yalnız vəkillər göstərə bilər.

- Nümayəndəlik institutu məhdudlaşdırılan zaman Azərbaycanda vəkillərin sayının əhali sayına nisbətdə az olduğu bildirildi. Bunu aradan qaldırmaq üçün hansı addımlar atılır?

- Əlbəttə, biz bir tərəfdən deyiriksə ki, nümayəndəlik institutunu məhdudlaşdırıb, vəkillər vasitəsilə vətəndaşlarımızı müdafiəsiz qoymuruq, görək, vətəndaşlarımızı hansı sayda vəkillə təmin edirik. Postsovet ölkələri ilə müqayisədə Azərbaycanda bir neçə il əvvələ qədər əhalinin sayına nisbətdə vəkillərin sayı çox az idi. Amma son il yarım ərzində Vəkillər Kollegiyası üzvlərinin sayı 900 nəfərdən 1635-ə çatıb. Yəni Kollegiyaya 700-dən artıq vəkil qəbul edilib. Bu, çox böyük rəqəmdir. Bilirsiniz ki, vəkilliyə qəbul sadə bir proses deyil. Vəkillik yüksək peşəkarlıq, etika, mədəniyyət tələb etdiyinə görə, vəkilliyə namizədlərə qarşı da yüksək tələblər irəli sürülür. Vəkilliyə qəbul 3 mərhələli çətin bir prosesdir. Əvvəla, vəkil olmaq üçün hüquqşünas ixtisasında müəyyən iş təcrübəsinə sahib olmalı, mərhələli şəkildə şəffaf test imtahanından, daha sonra yüksək ixtisaslı peşəkar üzvlərindən ibarət ixtisas komissiyasının şifahi müsahibəsindən keçməlidir. Hər iki mərhələni uğurla keçmiş şəxslər Ədliyyə Akademiyasında icbari təlimə cəlb edilirlər. Orada da əsas önəm verilən məsələ vəkillərin etik-davranış qaydalarıdır. 

Bilirsiniz ki, həm vəkillərin özləri arasında, həm vəkil-müvəkkil arasında, həm də vəkillərlə aidiyyatı səlahiyyətli dövlət orqanları arasında prosessual münasibətlər ortaya çıxır. Bu münasibətlərdə vəkillərin davranışı əsas məqamlardan biridir. Qeyd etmək istəyirəm ki, bu gün vəkilliyə qəbul çox şəffaf bir şəkildə və müntəzəm əsaslarla həyata keçirilir. Çünki bununla bağlı ölkə başçısının 2018-ci il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamda da qeyd edilib. Sərəncamda Vəkillər Kollegiyasına tövsiyə edilib ki, qəbul müntəzəm əsaslarda və xüsusilə, cavan hüquqşünaslar əsasında həyata keçirilsin. Son il yarımda vəkilliyə qəbul olunmuş 700-dən artıq vəkilin böyük əksəriyyəti - 80 faizindən çoxu cavan hüquqşünaslardır. Onlar qanunla tələb olunan 3 illik hüquqşünas təcrübəsinə malikdirlər və müxtəlif sahələrdən gələn hüquqşünaslar hesabına bu gün vəkillik institutu formalaşıb.

- Prezidentin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 03 aprel 2019-cu il tarixli Fərmanından sonra vəkillik institutunda hansı dəyişikliklər baş verib?

- Azərbaycan müstəqillik əldə etdikdən və Konstitusiyamız qəbul edildikdən sonra ölkədə aparılan islahatlardan əsas istiqamətlərindən biri hakimiyyətin müstəqil qolu olan məhkəmə hakimiyyətinin modernləşməsi, yeniləşməsi, müsair tələblər səviyyəsində fəaliyyətinin qurulmasından ibarət idi. 2000-ci ildən artıq məhkəmə-hüquq sahəsində münasibətlərin tənzimlənməsinin yeni çağırışlar əsasında həyata keçirən yeni prosessual qanunvericilik qəbul edilib. Həmçinin bu qanunvericliyə son 19 il ərzində mütəmadi olaraq günün tələbinə uyğun dəyişikliklər edilir. Həm ulu öndər Heydər Əliyevin, həm də möhtərəm Prezident İlham Əliyevin dövründə məhkəmə-hüquq islahatlarının aparılmasına çox ciddi diqqət yetirilir. Çünki sosial, iqtisadi və digər bütün sahələrdə aparılan islahatlar o vaxt uğurlu ola bilər ki, onlar məhkəmə-hüquq sahəsində aparılan islhatarlarla vəhdət təşkil etsin. Çünki məhkəmə dövlət idarəetməsinin həyata keçirilməsində əsas rollardan birinə malikdir. Əgər hər hansı bir vətəndaş, yaxud hüquqi şəxs, xüsusilə də, sahibkarlıqla məşğul olan vətəndaşlarımız digər sahələrdə hüquqlarının pozulması ilə üzləşirsə, onlar hüququnun bərpası üçün ümid yerini məhkəmə hakimiyyətində görürlər və məhkəməyə müraciət edirlər.

Ona görə də bu sahədə də vaxtaşırı islahatların aparılması çox düzgündür və Prezidentin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu il tarixli Fərmanınıın bu məsələdə xüsusi yeri var.

Bir şeyi xüsusi vurğulayım ki, məhkəmə sistemində baş verən islahatlar aparılan real iqtisadi islahatların davamı olaraq həyata keçirilir. Ən ümdə məsələlərdən biri sahibkarlığın inkişafıdır ki, dövlət başçısı da hər zaman buna xüsusi diqqət yetirir. Bilirsiniz ki, sahibkarlıq Konstitusiyada dövlətin əsaslarını təşkil edən bir təşkilati formadır. Fərmanda qərara alınıb ki, gələn ilin yanvarın 1-dən Azərbaycanda ixtisaslaşmış yeni məhkəmələr - Kommersiya Məhkəmələri fəaliyyətə başlayacaq. Hazırda bu funksiyanı İnzibati-iqtisadi məhkəmələr həyata keçirir. Ancaq inzibati və iqtisadi məsələlərin fərqliliyini, bir-birinə qarışmamasını, hakimlərin yüklülüyünü nəzərə alaraq cənab prezident ortaya belə bir məsələ qoydu və onun təşəbbüsü ilə artıq "Məhkəmələr və hakimlər haqında" Qanuna da dəyişiklik edilib.

Fərmanda da qeyd edildiyi kimi, yanvarın 1-dən artıq xüsusi biliklərə malik hakim koprpusu tərəfindən Kommersiya Məhkəmələrinin fəaliyyətinə başlanacaq. Bu məhkəmələrə vergi, gömrük, digər məcburi sosial ödənişlərlə bağlı məsələlər, sahibkarların özləri arasında yaranan iqtisadi mübahisələr, xarici partynyorlarla olan münasibətlərin mübahisələndirilməsi və s. aid olacaq. Ona görə də, bu məhkəmələrdə təkcə hüquqi deyil, həm də iqtisadiyyat və beynəlxalq hüquq sahəsində xüsusi biliklərə malik şəxslərin hakimliyə cəlb edilməsi vacibdir.

Həmin Fərmanda eyni zamanda vəkillik institutu ilə bağlı məsələlər də öz əksini tapıb. Fərmanda Vəkillər Kollegiyasının nəzərinə çatdırılır və tövsiyə edilir ki, vəkillər heç bir halda müvafiq hakimiyyət orqanları - təhqiqat, istintaq, prokurorluq, məhkəmə orqanlarları ilə qeyri-prosessual münasibətlərə daxil olmamalıdır. Bu, vəkillik institutunu nüfuzdan salan, işin keyfiyyətinə və təmsil etdiyi şəxsin maraqlarına zidd qərarların qəbulu ilə nəticələnə bilər ki, bu da yolverilməzdir. Çünki bu Fərmanın da, dövlət başçısının rəhbərliyi ilə aparılan islahatların da başlıca siyasəti insanların məmnuluğunu təmin etməkdir. Məhkəmə-hüquq sistemi də, vəkillik institutu da nəticə etibarilə təmasda olduğu insanların məmnunluğuna səbəb olmalıdır.

Vəkilliklə bağlı digər bir məqam da imkanı olmayan vətəndaşlara dövlət tərəfindən pulsuz təyin edilən vəkillərə ödənilən qonorarların məbləğinin artırılması və verilmə qaydası ilə bağlıdır. İndiyədək az məbləğdə olan bu vəsait dolayısıyla vəkillərə gəlib çatırdı. Bu da görülən işin keyfiyyətinə təsir göstərirdi. Prezidentin 2018-ci il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamda bu məbləğ 3 dəfə artırılıb.

Həmçinin ölkə başçısının aprel ayında imzaladığı Fərmanda qeyd edilir ki, həmin vəsaitlər birbaşa Vəkillər Kollegiyasının hesabına köçürülsün. Bu, həm şəffaflığa gətirib çıxaracaq, həm dolayısı artıq institutları aradan götürəcək, həm də qonorar ödənilməsi məsələsini tezləşdirəcək. Bununla bağlı Nazirlər Kabineti və müvafiq qurumlar tərəfindən qərarlar qəbul edilib və cari ildən bu şəkildə həyata keçiriləcək.

- Ölkədə bir çox sahələrdə islahatlar həyata keçirilir. Vəkillər Kollegiyası bu islahatlar çərçivəsində hansı işləri görə bilər?

- Birmənlı olaraq deyə bilərəm ki, Vəkillər Kollegiyası dövlətimizdə aparılan, vətəndaşımızın rifahına, insanların firavan yaşamasına xidmət edən istənilən islahatları dəstəkləyən təsisatdır. Bunu biz öz fəaliyyətimizlə - yüksək keyfiyyətli, vaxtında, lazımi səviyyəli peşəkar hüquqi yardım göstərərək vətəndaş mənunluğuna səbəb olmaqla sübut edirik. Eyni zamanda, vəkillik institutu əhali arasında geniş hüquqi maarifləndirmə işləri aparır. 22 fevral 2018-ci ilə tarixli Sərəncamda da Vəkillər Kollegiyasına tövsiyə olunduğu kimi, ölkədə aztəminatlı ailələrə pulsuz hüquqi yardımlar göstərilməsi həyata keçirilir. Bu, yeni bir formatda fəaliyyət göstərir. Vəkillər Kollegiyasının prezidiumu və şəxsən hörmətli və dəyərli hüquqşünasımız, çox bacarıqlı təşkilatçı, yüksək mədəniyyətə sahib olan Anar Bağırovun təşəbbüsü ilə ölkə başçısının tövsiyələrinin həyata keçirilməsi istiqamətində ayrı-ayrı vəkil qururmları tərəfindən ölkəmizin müxtəlif rayonlarına səfərlər təşkil olunur. Vəkil birqadaları yerlərdə rayon əhalisinə pulsuz hüquqi xidmətlər göstərir. Burada həm məsləhətlər verilir, yerindəcə arayışlar, lazım olanda məhkəməyə müraciət sənədləri tərtib olunur. Hətta həmin məsələlərin həlli üçün uzunmüddətli fəaliyyət lazım olduğu zaman, davamlı olaraq bu proses sonradan vəkillər tərəfindən həyata keçirilir. Digər hüquqi maarifləndirmə işlərindən birini də mənim təmsil olunduğum 20 saylı Vəkil Bürosu həyata keçirir. 20 saylı Vəkil Bürosunun təşəbbüsü ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə yeni bir formatda layihə təqdim etmişik. Sağ olsun, Anar müəllimin də böyük dəstək verdiyi layihədə biz, ölkə başçısının sərəncamları ilə məcburi köçkünlərin kompakt yaşaması üçün tikilən ərazilərdə qaçqın və məcburi köçkünlərə səyyar, pulsuz hüquqi xidmətlər göstəririk. Həmçinin həmin kateqoriyadan olan sahibkarlara, əlillərə, şəhid ailələrinə, çox güzəştli əsaslarla məhkəmələrdə problemlərinin həll edilməsi istiqamətində xidmətlərimizi göstəririk.

- Vəkillik institutu ətrafında gedən bu proseslərin təmsil olunduğunuz 20 saylı Vəkil Bürosu və şəxsən sizin fəaliyyətinizə təsirləri nədən ibarətdir?

- Qeyd etdiyim kimi, Vəkillər Kollegiyasına yeni üzvlər qəbul olunmaqdadır. Təbii ki, onların yerləşdirilməsi və fəaliyyətləri üçün əlverişli şəraitin yaradılması lazımdır. Eyni zamanda, vəkilliyin yeni simada formalaşmasında vəkillərin fəaliyyət göstərdikləri yerlərin, qurumların da müasir çağırışlara uyğun olması çox vacibdir. Bu sahədə də əvvəllər ciddi problemlər mövcud idi. Amma son iki ildə proses müsbət axara doğru gedir.

Mən 1995-ci ildən Vəkillər Kolelgiyasının üzvüyəm. Hüquqşünas fəaliyyətimə də o dövrdən başlamışam. Ancaq iki il sonra dövlət qulluğunda yüksək vəzifəyə getdiyimə görə, o vaxtkı qanunvericiliyin tələbinə əsasən, ərizə yazıb vəkillik fəaliyyətimi dayandırmışam. Bir neçə il qabaq qanunvericiliyə uyğun olaraq fəaliyyətimi 20 saylı Vəkil Bürosunda davam etdirrməyə başladım.

20 saylı Vəkil Bürosu artıq bir ilə yaxındır fəaliyyət göstərir. Konstitusiya Gününə həsr edərək, noyabrın 12-də Büromuzun rəsmi açılışını da təntənəli həyata keçirəcəyik. Bu büronun timsalında son iki ildə vəkillik institutunda baş verən müsbət dəyişiklikləri üç nümunədə göstərə bilərəm. Birinci, vəkillərin fəaliyyət göstərməsi üçün müasir şəraitdir: hər bir vəkil üçün nəzərdə tutulan ayrı vəkil kabineti, müvəkillərlə konfedensial söhbətlərin aparılması üçün ayrıca otaqlar, həmçinin vəkillərin və müraciət üçün gələnlərin məmnunluğuna nail olmaq üçün müvafiq şərait yaradılıb. İkinci nümunəyə gəlincə, bu gün 20 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərin 95 faizi son bir ildə yeni şəfafq qaydalar əsasında vəkilliyə yeni qəbul olunan üzvlərdir. Üçüncü nümunə isə, 20 saylı Vəkil Bürosunun vəkillik institutu ilə bağlı aparılan islahatlarda birbaşa iştirakıdır. Buna, bayaq qeyd etdiyim kimi, pulsuz hüquqi yardımların göstərilməsini misal göstərə bilərik. Vəkil büromuz artıq bir neçə rayonda bu aksiyaları keçirib. Bizim tərəfimizdən böyük həvəslə atılan bu addımlar vətəndaşlar tərəfindən də böyük məmnunluqla qarşılanıb.

Əsas məsələlərdən biri də odur ki, 20 saylı Vəkil Bürosu artıq bir neçə aydır ki, "Youtube" videohostinqinə birbaşa çıxmaqla, hər dördüncü gün bir saat ərzində vətəndaşlardan gələn müraciətləri ümumiləşdirərək, mövzular müzakirə edir. Bununla da məqsədimiz gələcəkdə məhkəmə təıcrübəsində məsələyə necə yanaşılması və vətəndaşların maarifləndirlməsinə nail olmaqdır. Şəxsən mən də bu sahədə çox fəal iştirak edirəm. Son bir ayda istər sahibkarlıq fəaliyyəti, istər hüquqi tənzimlənmə, bu sahədə yeni çağırışlar, məhkəmə mübahisələrinin həlli, eyni zamanda dövlət əmlakının özəlləşməsi ilə bağlı ortaya çıxan məsələlər, yeniliklər və s. mövzularda töhfələrimi vermişəm. Hesab edirəm ki, bu işi davam etdirəcəyik ki, hörmətli kollegiya sədrinin və Rəyasət Heyətinin apardığı bu işlərə vəkil olaraq əlimizdən gələn dəstəyi və ölkədə aparılan islahatlara, kiçik də olsa töhfəmizi verək.

Foto: Firudin Səlimov

Son xəbərlər

Orphus sistemi