Azərbaycanda keçirilən parlament seçkiləri xalqın iradəsini göstərdi.
"Report" xəbər verir ki, bunu Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı keçirilən konfransda danışan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.
O bildirib ki, rəhbərlik etdiyi müşahidə missiyası Bakı ilə yanaşı, Sumqayıtdakı məntəqələrdə də oldu: "Məntəqələr beynəlxalq standartlara uyğun yaradılmışdı. İnsanlar rahat şəkildə gəlib səs verə bilirdilər. Bu, bizi sevindirdi".
Parlamentarinin sözlərinə görə, seçkilərin nəticəsi Türkiyəni də yaxından maraqlandırır: "Ümid edirik ki, yeni parlament regiona sülhün gəlməsinə kömək edəcək və yaxın zamanda Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq. Ümid edirəm, qalib gələn namizədlər Azərbaycanın xarici siyasətinə töhfə verəcəklər".
Ş.Ayrım söyləyib ki, bu, Qarabağın azad olunmasından sonra bütün ölkə ərazisində keçirilən ilk parlament seçkiləri idi: "İnşallah, növbəti seçkilərə qədər Qarabağda vəziyyət daha yaxşı olacaq. Daha çox insan öz tarixi torpaqlarında səs verəcək".