Müşahidəmizə əsasən, seçki prosesinin Azərbaycan qanunlarına uyğun həyata keçirildiyini deyə bilərəm.
“Report” xəbər verir ki, bunu 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 11 saylı seçki məntəqəsinə dəvət olunan TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədr müavini Ahmet Zenbilci seçki prosesi ilə bağlı danışarkən deyib.
Deputat prosesdəki müşahidələri ilə bağlı fikirlərini bildirib:
"Azərbaycanda yenilənən Milli Məclisin, parlamentin ölkəyə xeyirli, uğurlu olmasını diləyirik. Seçimin hər kəsə xeyirli olmasını diləyirəm. Müşahidəçi olaraq daha bir neçə bölgəyə gedəcəyik. Müşahidələrimizi aparacağıq və ertəsi gün rəsmi şəkildə təqdim edəcəyik. Atatürkü tarixi bir sözü var - Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Dost və qardaş ölkədə olmaqdan, Azərbaycan demokratiyasının dünyada sürətlə yüksəlməsindən dolayı son dərəcə xoşbəxtik və qürurluyuq. Dostluğumuz, qardaşlığımız daim olsun".
Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.
Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.
Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.