Yuxarı

​Tural Abbaslı: "Arif Hacılının idarəetmə metodu Müsavat ənənələrinə ziddir"

Kimsə məndən partiyada baş verənlərə görə biganəlik gözləməsin

Bakı. 18 mart. REPORT.AZ/ "Arif Hacılının idarəetmə metodu Müsavat ənənələrinə ziddir, Müsavatın bugünə qədərki idarəçilik metodundan fərqlidir. Necə olur ki, İsa Qəmbər dönəmində Səxavət Əlisoy, Qubad İbadoğlu, Hikmət Hacızadə, Hüseyn Məlik və başqaları partiyada fəaliyyət göstərdilər, amma Arif Hacılının başqanlıq etdiyi dönəmdə isə fəaliyyətləri ziyanlı oldu? Bu adamlar partiyadan niyə getməli idi?!".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının başqanlığına sabiq namizəd Tural Abbaslı deyib. O bildirib ki, hazırda partiya daxilində demokratiya yoxdur: "Daxili demokratiya bizim xoşumuza gəlsə də, gəlməsə də tənqidlərdən nəticə çıxarmaqdır. İlin sonunda parlament seçkiləri keçiriləcək, partiya 125 dairə üzrə namizədlər təqdim etməlidir. Bu yarışa partiyadaxili monolitliklə, möhkəmliklə getmək olar. Amma partiya hazırda daxili problemlərlə məşğuldur. Təəssüflər olsun ki, bəzən partiyanın düşünülməmiş qərarları olur. Ola bilsin ki, hansısa tənqidi fikirlərimlə razı deyillər. Onlar mənim fikirlərimi obyektiv qiymətləndirmirlər, ona görə emosinal reaksiyalar verirlər. Qurultaydan sonra gərginlik pik həddə çatıb. Bu gərginliyin qarşısı alınmır. Kim tənqidi fikir söyləyirsə, onun üzərinə gedirlər. Deyirlər ki, hamı partiyanın fəaliyyətindən razı olmalıdır, kimsə narazı olmamalıdır. Kimlərsə bu şərtlə razı olmayanda onun fikirləri top-tüfənglə qarşılanır. Bunlar mənim üçün qeyri-adi deyil. Partiya ilə bağlı tənqidlərimin nə dərəcə doğru olduğunu zaman göstərəcək. Düz bildiyimi demişəm, deyirəm və deyəcəm də. Müsavat Partiyasına həyatımın 15 ilini vermişəm. Ona görə də bu gün partiyada baş verənlər məni narahat edir. Kimsə məndən partiyada baş verənlərə görə biganəlik gözləməsin".

T.Abbaslı ilin sonunda keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətinin olduğunu da qeyd edib: "21 saylı Nəsimi Birinci Seçki Dairəsindən namizədliyimi irəli sürmək niyyətindəyəm. Bu barədə partiya rəhbərliyinin də məlumatı var. Çalışacağıq ki, bu işə qüvvəmizi sərf edək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi