70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı təşviqat kampaniyasına start verilib.
Namizədin seçki qərargahından "Report"a verilən məlumata görə, əvvəlcə seçki qərargahının üzvləri, səlahiyyətli nümayəndələri, vəkillər və rayon ictimaiyyəti nümayəndələri Neftçalada Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Daha sonra Şəhidlər Xiyabanı ziyarət edilib, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman vətən övladlarımızın xatirəsi hörmət və ehtiramla yad olunub.
Qeyd edilib ki, T.Rüstəmxanlının parlament seçkiləri ilə bağlı Neftçala rayonunda yaradılan qərargahında qanunvericilik çərçivəsində təşviqat kampaniyası üçün bütün şərait yaradılıb.
Namizədin seçkilərdə iştirak edəcək səlahiyyətli nümayəndələri, vəkillər və müşahidəçilər müəyyən olunub, işçi qrupu formalaşdırılıb.
Təşviqat məqsədi üçün materiallar hazırlanıb və “Neftçala üçün birlIkdə” devizi altında kampaniyaya start verilib.