Şuşada keçiriləcək “İslam Dünyasında Qadınlar: Ənənələr və çağırışlar” konfransının iştirakçıları şəhərin tarixi məkanları və həyata keçirilən abadlıq-quruculuq işləri ilə tanış olublar.
"Report" xəbər verir ki, qonaqlar əvvəlcə "İsa bulağı" istirahət kompleksini ziyarət ediblər.
Onlara Vətən müharibəsindən sonra İsa bulağının bərpası və tarixinin özünə qaytarılması ilə bağlı aparılan işlər haqqında məlumat verilib. Qeyd edilib ki, bulağın özü mərmərdən hazırlanıb, “İsa bulağı” sözləri isə milli ornamentlə yazılıb və bulağın su təminatı da tam bərpa olunub. Bulağın ətrafındakı istirahət mərkəzi və restoran milli üslubda təmir edilib, ərazidə abadlıq işləri aparılıb.
Qonaqlar, həmçinin Molla Pənah Vaqifin Muzey-məqbərə Kompleksinə və Şuşa qala divarlarına da baxıblar.
Gəzinti zamanı konfrans iştirakçıları işğal dönəmində mədəniyyət abidələrinə ermənilər tərəfindən vurulan ziyan, qədim artefaktların saxtalaşdırılması barədə məlumatlandırılıblar.
Qeyd olunub ki, tarixi, dini və memarlıq abidələrinin bərpa və yenidən qurulmasında Heydər Əliyev Fondu yaxından iştirak edir.
Daha sonra Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.
Günün sonunda konfrans iştirakçıları üçün konsert proqramı təşkil olunub.
Qeyd edək ki, iyulun 18-də Şuşada Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "İslam Dünyasında Qadınlar: Ənənələr və çağırışlar" konfrans keçiriləcək.