Son bir ayda 2000-dən çox əcnəbi Azərbaycan qanunvericiliyinin tələblərini pozub

Son bir ayda 2000-dən çox əcnəbi Azərbaycan qanunvericiliyinin tələblərini pozub 1 707 əcnəbinin ölkə ərazisini 48 saat ərzində tərketmələri barədə qərarlar qəbul edilib
Daxili siyasət
9 İyun , 2015 13:43
Son bir ayda 2000-dən çox əcnəbi Azərbaycan qanunvericiliyinin tələblərini pozub

Bakı. 9 iyun. REPORT.AZ/ Bu ilin may ayında 2 254 əcnəbinin Azərbaycanda olma, habelə, müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. "Report" xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin yaydığı məlumatda bildirilib.

Onlardan 15-nin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 166 nəfərə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1 707 əcnəbinin ölkə ərazisini 48 saat ərzində tərk etmələri, 366 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ümumiyyətlə, ay ərzində Azərbaycan Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 8 022 müraciət daxil olub.

Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 50 246 əcnəbinin müraciəti qeydə alınıb. Bununla yanaşı, işə götürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədilə Xidmətin müvafiq struktur bölmələrinin əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 13 sahibkarlıq subyektində yoxlamalar aparılıb. Keçirilən tədbirlər nəticəsində 12 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin alınması qaydalarının pozulması halları aşkar edilib.

Son xəbərlər

Orphus sistemi