Yuxarı

​Siyavuş Novruzov: "Müxalifət əvvəlcə öz daxilində dialoq qursun, sonra YAP-la dialoq aparar" - MÜSAHİBƏ

Bir xəbər saytının oxucusu müxalifətin mitinqinə gələnlərdən daha çoxdur

"Bir xəbər saytının oxucusu müxalifətin mitinqinə gələnlərdən daha çoxdur"

Bakı. 5 dekabr. REPORT.AZ/ Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzovun "Report"a müsahibəsi:

-YAP-ın bələdiyyə seçkiləri ilə bağlı təbliğat kampaniyası necə gedir?

-Hazırda təbliğat-təşviqat kampaniyasına başlamışıq. Artıq bukletlər də hazırlamışıq. Bələdiyyələrin xeyli hissəsində namizədlərimiz qeydə alındığına görə hər bir seçki məntəqəsinə bir məşvərətçi səs hüquqlu üzvü və bir müşahidəçi təyin etmək hüququna malikik. Bələdiyyə seçkiləri ilə bağlı proqramımzda xüsusilə qadınların tədbir keçirmələri nəzərdə tutulub. Biz seçkilərdə qadınlara və gənclərə üstünlük vermişik. YAP bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşıb.

-Bəzi iddialar var ki, Azərbaycanda bələdiyyə seçkilərinə maraq azdır. Bu deyilənlər nə dərəcədə əsaslıdır?

-Mən o cür düşünmürəm. Siyasi partiyaların yerli strukturlarının genişləndirilməsi, seçki təcrübəsinin artırılması, cəmiyyət tərəfindən etimadın qazanılması baxımından bələdiyyə seçkiləri mühüm əhəmiyyət kəsb edir. Məsələn, prezident seçkilərində 1, parlament seçkilərində 125 yer uğrunda mübarizə gedirsə, bələdiyyə seçkilərində 15 mindən artıq yer uğrunda mübarizə gedir. Bu da xeyli insanın aktivləşməsi deməkdir. Bəziləri bəhanə edərək deyirlər ki, bələdiyyə seçkilərinin əhəmiyyəti yoxdur. Bu, onların sosial bazalarının olmamasından irəli gəlir. Müxalifət partiyalarının bələdiyyə seçkilərində namizədliklərini irəli sürməyə adamları yoxdur. Onlar bunu indi demirlər, 1999-cu ildən başlayaraq bu cür fikirlər səsləndirirlər. Müxalifət bələdiyyə seçkilərində iştirak etməməklə özünü zəiflədir, sosial bazanı itirir.

-Müxaifət düşərgəsində baş verənləri necə qiymətləndirirsiz?

-Müxalifət düşərgəsində çox ciddi hadisələr baş verir. Bunun da obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb ondan ibarətdir ki, bunların köhnəlmiş siyasətləri cəmiyyət tərəfindən qəbul edilmir. Reallıq başqa məsələ ola-ola bunlar başqa şeydən danışırlar. 1990-cı ildən bunların təfəkküründə nəsə dəyişməyib. Onlar başa düşmürlər ki, başqa ölkələrdə baş verən hadisələrin Azərbaycana gətirilmə cəhdləri effekt verə bilməz. Onların digər bir qrupu da "Yol xəritə"si hazırlayır, heç başa düşmürlər ki, "Yol xəritə"si nə deməkdir. Cəmiyyət bilir ki, bunlar nə zamanı, nə məkanı düşünmürlər. Bunlar yalnız özlərini düşünürlər. Bir məsələyə diqqət edin, bilirsiz ki, neftin qiyməti enir. Təbii ki, bu, neft ixrac edən ölkələrə mənfi təsir göstərir, çünki həmin dövlətlərin gəlirlərinin əksər hissəsi neftdən gəlir. Neftin qiyməti düşəndə bunlar sevinirlər. Bu, artıq xalqın, millətin əleyhinə getmək deməkdir. Məktəblərdən, xəstəxanalardan təkcə iqtidar nümayəndələri istifadə etmir ki... Neft gəlirləri həm də həmin obyektlərin tikintisinə sərf edilir. Bunların düşüncəsində ciddi problemlər var. Subyektiv səbəb də ondan ibarətdir ki, müxalifətdə olan partiyaların daxilində islahatların getməməsi qarşıdurmalara səbəb olur. Bu partiyalar bir neçə nəfərin monopoliyasına çevrilib. O partiyadan şəxsi vəsaitlər qazanılması üçün istifadə edilir. Azərbaycan həssas bir regionda yerləşir. Buna baxmayaraq, müxalifət partiyaları xarici lobbi təşkilatlarının maraqlarına xidmət edir. Burada məqsəd Azərbaycandakı ictimai-siyasi vəziyyəti pozmaqdır. Buna görə də həmin partiyaların daxilində gərginlik yaranır. Azərbaycan müxalifətinin bir hissəsi ciddi böhran içindədir. İslahatlar aparılmasa həmin partiyalar iflasa uğrayacaq.

-Böhrandan çıxmaq üçün hansı addımları atmalıdırlar?

-Özləri həmişə demokratiyadan danışırlar, amma partiya daxilində keçirilən seçkilərdə saxtalaşdırma aparılır. Ədalətlilik prinsipinə əməl etmək lazımdır, partiya bir nəfərin monopoliyasında olmamalıdır. Partiya daxilində qərarların qəbulu kollegial olmalı, bir nəfərin iradəsini əks etdirməməlidir. Təbii ki, partiya rəhbərinin sözü əsasdır. Seçkilər də demokratik keçirilməlidir.

-"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu "Azadlıq" qəzetini və AXCP fəallarını məhkəməyə verir. Onlar arasında mübahisə təxminən iki həftədir ki, intensivləşib. Bu cür halları necə şərh edərdiniz?

-Bu problemin kökü xeyli əvvələ aiddir. Azərbaycan Xalq Cəbhəsi ilə Müsavat Partiyası arasında 1992-cil ildən toqquşmalar davam edir. Xalq Cəbhəsi hakimiyyətə gələndə İsa Qəmbər təşkilatı parçaladı. O, Müsavat Partiyasını Mənsur Əliyevin əlindən aldı. Hakimiyyət hərisliyi o qədər idi ki, hətta öz silahdaşlarına belə güzəştə getmək fikrində deyildilər. Hər seçkidə bu qurumlar dartışırlar. 1998-cil ildə Əbülfəz Elçibəy İsa Qəmbərə namizədliyini geri götürməyi təklif etdi, lakin İsa Qəmbər geri çəkilmədi. Bu proseslər illərlə yığılıb qalıb. Xalq Cəbhəsinin bir hissəsi ideologiyalarından uzaqlaşıblar. Onlar hazırda xarici kəşfiyyat idarələri tərəfindən maliyyələşən alətə çevriliblər. Fəaliyyətləri anti-milli istiqamətdə aparılır. Elə bir vəziyyətdədirlər ki, geriyə də yol yoxdur. Onlar arasında sonuncu qarşıdurma isə Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumunun Batumidə keçirilən iclasından sonra başladı. Bilirsiz, dövlət məfhumu müzakirə ediləndə hansı partiyanın üzvü olursan ol, dövlətçiliyin tərəfini tutmaq lazımdır. Sən müxalifətdə ola bilərsən, amma dövlətçilik baxımından hamı bir olmalıdır. Bəzi müxalifətçilər var ki, onlarla səfərlərdə oluruq. Bəzi hallarda vahid mövqedən çıxış etmək gərək olur, belə də edirik. Beynəlxalq təşkilatlar çalışırlar ki, Azərbaycanla bağlı qlobal problemləri qaldıranda məsələni daxilə yönəldib, əsas məsələdən diqqəti yayındırsınlar. Dağlıq Qarabağla bağlı məsələni gündəmə gətirilən kimi dərhal daxili prosesləri müzakirəyə çıxarırlar. Biz də deyirik ki, siz münaqişənin həllini sürətləndirin, daxili məsələlərin həllini özümüz yoluna qoyarıq. Onlara bu işləri həyata keçirməkdə fakt lazımdır, bunları da Əli Kərimli yerinə yetirir. Həmin beynəlxalq təşkilatlar da bundan istifadə edib, Azərbaycanla bağlı qeyri-obyektiv mövqe ortaya qoyurlar. Həmin forumda üç Qafqaz ölkəsindəki insan hüquqları müzakirə olunmalı idi, amma təkcə Azərbaycanı önə çıxarıblar. Bilirsiz ki, Gürcüstanda xeyli dövlət vəzifəsində çalışmış məhbus var, orada hətta sabiq prezidentin özünə belə cinayət işi qaldırıblar. Ermənistanda da xeyli siyasi məhbus var. Bütün bunlar müzakirə olunmur, Azərbaycandakı insan hüquqları müzakirə olunur. Çexiyanın "People in Need" təşkilatı Dağlıq Qarabağ ermənilərini əsas nümayəndə heyəti kimi foruma salmağa çalışıb. Buna qarşı da etiraz olunub, burada nə var ki? Əli Kərimli, səni narahat edir? Ona görə narahatdır ki, siması açılır, ifşa olunur. O, göstərişlə işləyir. Onları qəbul etməyənlərə qarşı təhqirlə cavab verirlər.

-Azərbaycan müxalifətinin keçirdikləri mitinqlərin ölkədəki proseslərə təsiri olurmu?

-Müxalifət partiyaları beynəlxalq təşkilatlar tərəfindən mitinqlərə ayrılan vəsaitləri də mənimsəyirlər. Müxalifət keçirdikləri aksiyanın da siyahısını şişirdir. Aksiyaya 500-600 adam gəldiyi halda, deyirlər ki, minlərlə insan iştirak edib, stadionun heç 1/3-ni doldura bilmirlər. Ona görə də mitinqlərin ölkədəki siyasi proseslərə təsiri olmur. Növbəti mitinqi Müsavat Partiyası keçirək. Onlar daxili problemlərindən yayınmaq üçün bu cür addım atırlar. Partiya parçalanıb, Müsavatın qurucuları istefa veriblər, onlar da bunu ört-basdır etməkdən ötrü mitinq keçirirlər. Demək istəyirlər ki, mövcuduq. Bundan əvvəl də Milli Şura adlanan qurum mitinq keçirmişdi. Müsavat Partiyası da mitinq təşkil etməklə demək istəyir ki, bu, Milli Şuranın mitinqindən daha güclüdür. Sonra beynəlxalq təşkilatlara deyəcəklər ki, Milli Şuraya verilən pullardan onlara da versinlər. Bir xəbər saytının oxucusu müxalifətin mitinqinə gələnlərdən daha çoxdur.

-Müxalifətlə iqtidar arasında zaman-zaman dialoqla bağlı fikirlər səslənir, amma dialoq baş tutmur. Sizcə, niyə razılıq əldə olunmur?

-Müxalifətin bir hissəsi ilə iqtidarın dialoqu var. Bu müxalifət partiyaları da parlament də təmsil olunurlar. Bir neçə dəfə siyasi partiyalarla görüş keçirilib, onların təklifləri dinlənilib. Növbəti dialoqun olması üçün müraciət olunub. Amma bəzi partiyalar öz daxilillərində dialoq qura bilmirlər, iqtidar bunlarla hansı formada dialoq quracaq?! Dialoqu kimlə aparaq?! Müxalifət düşərgəsində pərakəndəlik hökm sürür. Əvvəlcə öz aralarında, daxillərində dialoq qursunlar, sonra hakim partiya ilə dialoq apararlar.

-Hakim partiya funksionerləri müxalifət partiyalarının zəif olduğunu qeyd edirlər. Necə düşünürsünüz, siyasi təşkilatların zəifləməsi radikal dini qrupların meydana çıxmasına rəvac verməzmi?

-Bu fikir bəzi siyasi partiya funksionerləri tərəfindən səslənir. Deyirlər ki, siyasi partiyalar zəiflədikcə, sıradan çıxdıqca onların yerini radikal dini qruplar tutacaq. Hesab edirəm ki, yanlış fikirdir. Radikal dini qrupların məsələsi sırf başqa dövlətlərlə bağlı olan məsələlərdir. Azərbaycanda güclü müxalifət partiyası olsa da, olmasa da, şərait yaransa dini qruplar ortaya çıxar. Bəzi radikal dini qruplar var ki, xaricdən maliyyələşirlər və instruksiya alırlar. Onlar həmin instruksiya çərçivəsində hərəkət edirlər. Siyasi partiyalar güclü olsa, onlar geri çəkilməyəcəklər ki... Hazırda isə Azərbaycanda elə bir təhlükə yoxdur. Hüquq-mühafizə və təhlükəsizlik orqanları bu məsələdə çox diqqətlidirlər. Dini qrupların meydana çıxması təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də var. İndi İraqda İŞİD adlanan terror qruplaşması var. Bu haradan meydana gəldi? Bu, göydən yağış kimi, yerdən bulaq kimi qaynayıb çıxmadı ki. Bunun üçün uzunmüddətli hazırlıq işi getmişdi. Digər dövlətlərin təbii sərvətlərini mənimsəmək üçün belə bir qrupa ehtiyac var idi. İŞİD qruplaşmasında fəaliyyət göstərənlərin cəmi 30%-i müsəlmandır. Həmin müsəlmanlar da vaxtilə Amerkanın həbsxanalarında olublar. Siz bunların hədəf seçdiyi ölkələrə baxın: Suriya, İran Türkiyə, İraq. Bəs, niyə bunlar Qətəri, Küveyti hədəf seçməyiblər?! Çünki bunun proqramı belə yazılıb. Bütün bunların Azərbaycana təsiri ola bilməz, çünki ölkədə dini tolerantlıq mövcuddur. Bəzi kiçik qruplar var ki, onların öhdəsindən gələ bilirik, həmin qrupların Azərbaycanda bazası ola bilməz.

-Sabiq deputat Hüseyn Abdullayevin açıqlamalarına münasibət bildirmənizi də istərdik. Onun bu cür danışmasına səbəb nədir?

-Hüseyn Abdullayevin bu cür danışmasının konkret səbəbləri var. Bilirsiz ki, ona vergidən yayınma ilə əlaqədar cinayət işi açılıb. O cinayət işinə siyasi don geyindirməkdən ötrü bu cür açıqlamalar verir.

-Hakim partiya onu məhkəməyə verə bilərmi?

-YAP elə bir böyük partiyadır ki, bu cür işlərə vaxt sərf etmir. Təbii ki, biz onun dediklərinə cavabımızı vermişik. Bu hallar təkrar olunacaqsa, yəqin ki, başqa yollar da seçiləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi