Yuxarı
    Bağlamaq

    Siyavuş Novruzov: "Bəzi ölkələrdə rəqabət sağlam şəkildə deyil, günahsız insanların həyatı bahasına başa gəlir"

    YAP rəsmisi: Dini zəmində yaradılan qarşıdurmaların qarşısını almaq üçün alternativ yollar arayıb tapmağa daha çox ehtiyac var

    Bakı. 27 fevral. REPORT.AZ/ "Dini mənsubiyyət faktorun qabardaraq insanlar arasında təfriqə salmaqla xaos yaratmaq günümüzün xoşagəlməz reallığına çevrilib. Təssüflər olsun ki, son illərdə dindaxili məzhəb amilindən istifadə edərək törədilən ağır cinayətlərin miqyası getdikcə genişlənməkdədir".

    "Report"un xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov YAP-ın rəsmi saytına müsahibəsində deyib.

    O bildirib ki, radikal dini təşkilatlar yaratmaq və yaxud maddi-texniki dəstək verməklə öz məkrli planlarını həyata keçirməyə çalışanlar müsəlman dünyasında məzhəb fərqliliklərini süni şəkildə dərinləşdirməyə, İslam dünyasını zəiflətməyə, texnoloji cəhətdən inkişafına mane olmağa və nəticədə coğrafi baxımdan böyük strateji əhəmiyyət daşıyan, çoxlu yeraltı, yerüstü sərvətlərə, nəqliyyat infrastrukturuna sahib olmağa cəhd göstərirlər: "Bu gün acı həqiqətdir ki, bəzi ölkələr arasında iqtisadi, siyasi, hərbi sahələrlə yanaşı, sivilizasiya və teoloji dəyərlərin rəqabəti də gedir. Əfsuslar olsun ki, bu rəqabət sağlam şəkildə deyil, günahsız insanların həyatı bahasına başa gəlir. Suriyada, İraqda, Yəməndə və Yaxın Şərqin digər müsəlman ölkələrində baş verən qanlı olaylar buna misal ola bilər. Odur ki, müsəlman dünyasında bugün dini zəmində yaradılan qarşıdurmaların qarşısını almaq üçün alternativ yollar arayıb tapmağa daha çox ehtiyac var. Bu cür xoşagəlməz halların qarşısını almaq üçün dünyaya İslamın sülh dini olduğunu və müsəlmanların terrorçu deyil, hansı dini və ya etnik konfessiya nümayəndəsi olmasından asılı olmayaraq hər kəsə dözümlü, bərabər yanaşan toplumlar olduğunu çatdırmağa ehtiyac duyulur".

    S.Novruzov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili”, onun məntiqi davamı kimi bu ili “İslam həmrəyliyi ili” elan etməsi bütün dünyaya “Bir-birimizə qarşı dözümlü olaq, hörmətlə yanaşaq, həmrəy olmağı, dinlər və məzhəblər arasında dialoq qurmağı bacaraq” çağırışıdır: "Bunun ən gözəl örnəyi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın dövlət-din münasibətləri modelinin digər dövlətlər tərəfindən öyrənilməsi və tədqiq olunmasıdır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi