“Ermənistan tərəfinin bütün təxribatçı hərəkətləri və cəhdləri qüdrətli Azərbaycan Silahlı Qüvvələri tərəfindən iflasa uğradılır, dövlətimiz öz sərhədlərini qoruyur, eyni zamanda, operativ vəziyyətə nəzarət edilir”.
“Report” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, Azərbaycan güclü orduya malikdir və Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə qadirdir:
“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində həyata keçirilən uğurlu ordu quruculuğunun nəticəsidir ki, Azərbaycan Ordusu yüksək döyüş hazırlığına malikdir və qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək gücündədir. Bunlarla yanaşı, ordumuz bu gün ən müasir texnika və silahlarla təmin olunub, ölkəmizin hərbi sənaye kompleksi inkişaf edir. Bunlarla yanaşı, kadr potensialının inkişafı, orduda peşəkarlığın daimi olaraq yüksəldilməsi Silahlı Qüvvələrimizin gücünü artıran çox əhəmiyyətli amildir. Bir sözlə, Azərbaycan Ordusunun hərbi-texniki təchizat səviyyəsi müasir tələblərə və NATO standartlarına uyğundur, kadr-mütəxəssis ehtiyatı isə öz vəzifələrini layiqincə yerinə yetirən peşəkarlardan ibarətdir”.
YAP funksioneri bildirib ki, n mühüm məsələlərdən biri Azərbaycan Silahlı Qüvvələrində sağlam mənəvi-psixoloji durumun, ruh yüksəkliyinin, özünəinamın, güclü vətənpərvərlik hisslərinin hökm sürməsidir:
“Bu səbəbdən cəmiyyətimiz Azərbaycan Ordusuna vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir.Azərbaycan Ordusu döyüş meydanında öz gücünü göstərməklə bu inamın əbəs yerə olmadığını sübuta yetirib. Hələ Aprel döyüşləri və Naxçıvan əməliyyatı Azərbaycanın işğal faktı ilə barışmayacağını nümayiş etdirmişdi. Məhz Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətmək cəhdinin qarşısının qətiyyətlə alınması da bir məqamdan xəbər verir. Azərbaycan dövləti işğalçı ölkənin təxribatlarına dözmək niyyətində deyil, düşmənə layiqli cavab vermək əzmində və gücündədir. Bu, eyni zamanda, Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin rəşadət və cəsarətini düşmənə bir daha əyani surətdə nümayiş etdirdi. Hadisələr həm də erməni təbliğat maşınının Ermənistan ordusunun gücü haqqında formalaşdırdığı mifin, bu cür iddiaların heç bir əsası olmadığını növbəti dəfə göstərdi”.