Yuxarı

Siyavuş Novruzov: "ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkidə müşahidə aparmasına etiraz etmirik"

YAP icra katibinin müavini: Bəzi beynəlxalq təşkilatların Azərbaycandakı seçkilərlə bağlı rəyləri qərəzli və obyektivlikdən uzaq olur

Bakı. 31 avqust. REPORT.AZ/ "Azərbaycan noyabrın 1-də keçiriləcək parlament seçkisində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və digər beynəlxalq qurumların müşahidə aparmasının tərəfdarıdır". 

Bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Azərbaycan hakimiyyəti ölkədə keçirilən seçkilərdə bütün beynəlxalq təşkilatların müşahidə aparmasına hər zaman tərəfdar olub və müşahidə missiyalarına lazımi şərait yaradıb.

S.Novruzov vurğulayıb ki, bəzi beynəlxalq təşkilatların Azərbaycandakı seçkilərlə bağlı rəyləri qərəzli və obyektivlikdən uzaq olur: "Müqayisəli şəkildə nümunələr göstərə bilərəm. Həmin təşkilatların Azərbaycanın da daxil olduğu post-sovet məkanında keçirilən seçkilərə verdikləri rəylə Əfqanıstan, İraq, Misirdə baş tutan seçkilərə yanaşmaları fərqli olur. Burada subyektiv amillər üstünlük təşkil edir, bəyanatlar heç bir qanunvericiliyə, beynəlxalq hüquqa uyğun gəlmir.

Onlar Misirdəki keçirilən seçkilərə müsbət rəy verdilər. Üç aydan sonra Misir prezidenti Məhəmməd Murisini həbsxanaya saldılar. İraqda da keçirilən seçkilərə müsbət rəy verirlər. Orada hər gün partlayışlar baş verir, xeyli insan da həyatını itirir. Onların müsbət rəy verdiyi ölkələrdə hələ normal dövlətlər qurulmayıb.

Yəni, bunların mövqeyi dünya ictimaiyyətinə bəllidir. Azərbaycanla bağlı mənfi bəyanatlar verəndə özlərini gülünc vəziyyətə qoyurlar. Azərbaycan seçkiləri hansısa qurum, təşkilat üçün keçirmir ki? Seçkini xalq keçirir. Kənardan kimin nə qiymət verməsindən asılı olmayaraq, xalq kimə səs verdiyini yaxşı bilir".

YAP rəsmisi deyib ki, Azərbaycanda keçirilən seçkiləri həm yerli, həm də beynəlxalq müşahidəçilər izləyir. Onun sözlərinə görə, bu ilki parlament seçkisini müşahidə etmək üçün Azərbaycanın ayrı-ayrı strukturları Avropa Şurası Parlament Assambleyasına, ATƏT Parlament Assambleyasına, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna, Avropa Parlamentinə təkliflər göndərib: "Yəni, kimin müşahidə aparmaq arzusu varsa, bunu həyata keçirə bilər. Amma ABŞ-da, Rusiyada keçirilən seçkilərə ATƏT-in müşahidə missiyası buraxılmayıb. Bir sıra dövlətlər mövcuddur ki, o təşkilatların qərəzli mövqeyini əsas gətirərək seçkini izləməyə razılıq vermir. Amma Azərbaycan həmin təşkilatlara şərait yaradır, çünki ölkəmizdə şəffaf seçkilər keçirilir".

S.Novruzov bildirib ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycandakı seçkiləri izləmək üçün müşahidə missiyası göndərən zaman məqsədli şəkildə nümayəndə heyətinin tərkibinə işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfər edən adamların adlarını salırlar: "Bunu ona görə edirlər ki, Azərbaycan həmin müşahidəçilərdən imtina etsin, viza verməsin, onlar da həmin məsələni əllərində bayraq etsinlər".

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə "Report"a açıqlamasında deyib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ATƏT-ə üzv ölkələrdə demokratiyanın inkişafında maraqlı olmalıdır. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar demokratik idarəçilikdə problemləri olan ölkələrlə daha çox işləməlidirlər: "İnkişaf etmiş ölkədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nə işi var?".

ADP sədri, həmçinin qeyd edib ki, beynəlxalq təşkilatların Azərbaycandakı seçkilərlə bağlı bəyanatları, rəyləri təsirli olmur: "Onların bəyanatları öz dövlətlərinin xarici siyasətlərində ifadə olunmur. Demokratiya dünyada üçüncü dərəcəli maraq hesab olunur. Ona görə bu təşkilatların bəyanatlarını, rəylərini öz dövlətləri o qədər də nəzərə almır. Onların seçkini müşahidə etməsinin əhəmiyyəti həqiqətin üzə çıxarılmasıdır. Çünki həqiqət özü konkret nəticədən çox vacibdir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi