Parlament seçkiləri Azərbaycan Respublikasında demokratik proseslərin inkişafında mühüm addım oldu.
"Report" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidə missiyasının rəhbəri, təşkilatın baş katibinin müavini Nuran Niyazəliyev deyib.
Onun sözlərinə görə, müşahidəçilər heç bir pozuntu, vətəndaşlara maneə, kənar müdaxilə və ya seçki komissiyalarının üzvlərinə təzyiq faktları aşkar etməyiblər. “Seçkilər Azərbaycan Respublikası Konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə, eləcə də ölkənin götürdüyü beynəlxalq öhdəliklərə uyğun keçib. Missiya seçkiləri şəffaf, etibarlı və demokratik sayır. Bu seçkilər ölkədə demokratik proseslərin inkişafında mühüm addım oldu. Biz Azərbaycanı yeni parlamentin seçilməsi münasibətilə təbrik edir, ona sosial və iqtisadi inkişaf arzulayırıq”, - missiyanın rəhbəri bildirib.
N.Niyazəliyev vurğulayıb ki, səsvermə yerli, ictimai və beynəlxalq müşahidəçilərin, eləcə də KİV nümayəndələrinin iştirakı ilə sakit şəraitdə keçib.
Sonda o, müşahidəçilərin işinə göstərdikləri köməyə görə Mərkəzi Seçki Komissiyası, Xarici İşlər Nazirliyi, eləcə də digər əlaqədar təşkilat və qurumlara dərin minnətdarlığını bildirib.