Rövşən Mürvət oğlu Rüstəmov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri təyin edilib.
"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Rövşən Mürvət oğlu Rüstəmov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, Rövşən Rüstəmov 1997-2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb. 2004-2007-ci illərdə iqtisadiyyatın davamlı inkişaf problemləri mövzusunda dissertasiya müdafiə edib və iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2004-2012-ci illərdə "Azərpoçt" MMC-də Biznesin inkişafı şöbəsində müdir müavini, əməliyyatlar şöbəsinin müdiri vəzifəsində çalışıb.
2012-2014-ci illərdə “Azərkosmos” ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində çalışıb.
2014-cı ildə Təhsilini Biznesin Davamlılığı İnstitutunda (the Business Continuity Institute) davam etdirərək “Biznesin davamlılığının planlaşdırılması proqramı”nı bitirib. 2014-cü ildən etibarən Biznesin Davamlılığı İnstitutunun həqiqi üzvü seçilib.
2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli Sərəncamı ilə “Azərkosmos” ASC-nin sədr müavini təyin edilib.
2021-ci ildə Azərbaycan Prezidentinin 2021-ci il 14 iyun tarixli Sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib. Bu günədək həmin vəzifədə çalışırdı.