Qərbi Azərbaycanın yaddaş yerləri: Ardanış kəndinin tarixi keçmişi
- 22 oktyabr, 2026
- 12:52
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda 1980-ci illərin sonlarına qədər azərbaycanlıların yaşadığı Ardanış (indiki Artaniş) azərbaycanlı kəndinin tarixi haqqında araşdırma dərc olunub.
"Report" xəbər verir ki, bu barədə məqalə "Perished civilization"da yayımlanıb.
Çarizm dövründə Ardanic, Ardanış, Ordaniç, sovet dövründə Artaniş, Artanuş adlanan kənd 1995-ci ildən Ermənistanın Geğarkunik vilayətinin tərkibindədir. Kənd haqqında qeydlərə XVIII əsr Osmanlı mənbələrində rast gəlinir. XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi İrəvan xanlığının Göyçə mahalının tərkibində olub. 1827-ci ildə Rusiyanın İrəvan xanlığının ərazisini işğal etməsi, sonradan isə 1828-ci il Türkmənçay müqaviləsi kəndin Rusiya imperiyası tərkibinə birləşdirilməsini təsbit edib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Novo-Bayazid qəzasının tərkibində olub.
1829-1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazilərinin kameral təsviri tərtib edilib. Sənədə salınmış məlumatlara əsasən, Ardanış kəndində hamısı azərbaycanlıların əcdadları olmaqla 119 nəfər yaşayıb.
Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara əsasən, 1915-ci ilə qədər müxtəlif dövrlərdə kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar. 1873-cü ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 389, 1886-cı ildə 602 nəfər yaşayıb. 1906-cı ildə kənddə 1000 nəfər, 1915-ci ildə 1209 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar.
Ardanış yazılı mənbələrdə erməni silahlı birləşmələri tərəfindən türk əhalisinin kütləvi qırğını haqda məlumatın qeydə alınmadığı azsaylı kəndlərdən biri olub. Kənd 1930-cu ildən Dilican, 1937-ci ildən isə Krasnoselsk rayonlarının tərkibində olub. Erməni mənbələrinin məlumatına görə, 1980-ci illərin sonlarına qədər müxtəlif vaxtlarda kəndin ərazisində yalnız və ya, əsasən, azərbaycanlılar yaşayıblar. 1959-cu ildə kənddə 1417, 1979-cu ildə 2037 nəfər yaşayıb. 1989-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla 144 nəfər yaşayıb. 1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.
2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlər zamanı kəndin ərazisində bir hissəsinin salamat qaldığı onlarla məzar daşları olan iki azərbaycanlı qəbiristanlığı aşkar edilib.
Qeyd edək ki, "Qərbi Azərbaycanın yaddaş yerləri" nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq, müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanıb və sistemləşdirilib. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalıb.