Qərbi Azərbaycan Xronikası: Ulu öndər Heydər Əliyevin əmiləri soyqırımı cinayətlərinə məruz qalıblar

Qərbi Azərbaycan Xronikası: Ulu öndər Heydər Əliyevin əmiləri soyqırımı cinayətlərinə məruz qalıblar Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Daxili siyasət
9 Aprel , 2024 00:15
Qərbi Azərbaycan Xronikası: Ulu öndər Heydər Əliyevin əmiləri soyqırımı cinayətlərinə məruz qalıblar

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

"Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov olub.

O, anadan olduğu Qafan şəhərindən, uşaqlıq və yeniyetməlik illərinin keçdiyi Meğri rayonunun Aldərə kəndindən söhbət açıb.

Zaman-zaman ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı və deportasiya siyasətinə diqqət çəkən tarixçi-alim 26 yaşlı əmisi İsgəndərin daşnaklar tərəfindən öldürüldüyünü söyləyib. Bildirib ki, azərbaycanlıların kütləvi qətliamı sadəcə 1918-ci ilin mart-aprel aylarında deyil, 1920-ci ilə qədər Ermənistanda hakimiyyətdə olan daşnak hökuməti, eləcə də sonrakı illərdə onların nasizm ideologiyası ilə zəhərlənən varisləri tərəfindən davam etdirilib. Belə ki, əgər 1914-cü ildə Aldərə kəndində 1987 nəfər azərbaycanlı yaşayıbsa, 1924-cü ildə onların sayı cəmi 426 nəfər təşkil edib. Bu kəndin əzəli sakinlərinin bir qismi qətlə yetirilib, bir qismi isə ata-baba torpağını tərk etmək məcburiyyətində qalıblar.

Alimin sözlərinə görə, ötən əsrin əvvəllərindən başlayaraq cərəyan edən hadisələr nəticəsində təkcə Qafan rayonunun azərbaycanlılara məxsus 70-dən artıq kəndi yer üzündən silinib. C.Bəhramov deyib ki, 1918-ci il qırğınlarında erməni quldur dəstələri ümummilli lider Heydər Əliyevin anası İzzət Əliyevanın atasını və qardaşlarını qəddarlıqla qətlə yetiriblər. Nijde və Andranikin rəhbərlik etdiyi erməni quldurları ulu öndər Heydər Əliyevin atası Əlirza Əliyevin qardaşlarını da soyqırımı cinayətlərinə məruz qoyublar.

Tarixçi-alim vurğulayıb ki, daşnak-nasist təbliğatının təsiri altında olan ermənilər sovet hakimiyyəti illərində də azərbaycanlılara çox pis münasibət göstəriblər. Onlar ümummilli lider Heydər Əliyevin yüksək vəzifələrə təyinatına, SSRİ rəhbərliyində təmsil olunmasına, eləcə də digər azərbaycanlıların mühüm postlar tutmasına dözümsüz yanaşıblar. Bütün bu düşmənçiliyin, dözümsüzlüyün nəticəsi olaraq, 1988-ci ildə Qərbi Azərbaycanın bütün rayonlarından soydaşlarımız deportasiya olunublar. Tarixçi-alim söyləyib ki, 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Milli Şurasının qəbul etdiyi qeyri-qanuni qərar Azərbaycan xalqına çox baha başa gəlib. O, irqi və dini ayrı-seçkiliyin Azərbaycan xalqının xislətinə yad olduğunu diqqətə çatdırıb.

Rəhbərlik etdiyi Qərbi Azərbaycan tarixi şöbəsinin fəaliyyətindən danışan C.Bəhramov bildirib ki, mütəxəssislər, alimlər tərəfindən mənbələrə istinad edilməklə Qərbi Azərbaycan tarixi yazılıb, soyqırımı xəritələri tərtib edilib, bölgənin mahallar üzrə xəritələri hazırlanıb, tarixi torpaqlarımızda ermənilərin dəyişdiyi yer adlarının əvvəlki adları bərpa olunub. Ermənistan adlı bir qurumun hüquq nöqteyi-nəzərindən qeyri qanuni olduğunu dilə gətirən alim vurğulayıb ki, ata-baba yurduna qayıtmaq Qərbi azərbaycanlıların təməl hüququdur.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Son xəbərlər

Orphus sistemi