Qaxda şəhid bulağının açılışı olub

Qaxda şəhid bulağının açılışı olub Qax rayonunda Vətən müharibəsi şəhidi Elgün Bəhram oğlu İzzətzadənin xatirəsinə inşa olunan şəhid bulağının açılışı olub.
Daxili siyasət
24 Oktyabr , 2022 18:15
Qaxda şəhid bulağının açılışı olub

Qax rayonunda Vətən müharibəsi şəhidi Elgün Bəhram oğlu İzzətzadənin xatirəsinə inşa olunan şəhid bulağı açılıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, şəhidin doğulduğu küçədə anım mərasimi keçirilib.

Tədbirdə rayon rəsmiləri, idarə və təşkilatların nümayəndələri, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak ediblər.

Mərasimdə çıxış edən şəhidin əmisi Zakir Balacayev qardaşı oğlunun qısa, lakin şərəfli ömür və döyüş yolundan danışaraq, onun İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıq və şücaətindən söz açıb.

Tədbir iştirakçıları bulağın açılışından sonra şəhidin məzarı üstünə gül-çiçək dəstələri düzüb, əziz xatirəsini yad ediblər.

Məlumat üçün bildirək ki, Elgün İzzətzadə 1997-ci ildə Qax şəhərində dünyaya göz açıb. E.İzzətzadə 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. O, 2016-cı il Aprel döyüşlərində də iştirak edib. Əsgər Elgün İzzətzadə 2020-ci il sentyabrın 29-dan Vətən müharibəsinə qoşulub. Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərib. O, 18 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində şəhidlik zirvəsinə ucalıb. Şəhidin nəşi 23 oktyabrda neytral ərazidən çıxarılaraq Qax şəhərinə gətirilib və Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamı ilə şəhid Elgün Bəhram oğlu İzzətzadə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, şəhid Elgün İzzətzadənin iki əmisi oğlu da Vətən müharibəsində iştirak ediblər. Onlardan baş-leytenant İzzət Balacayev döyüşlərdə yaralanaraq qazi olub. İzzət Balacayev Prezident İlham Əliyevin sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi