Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Bu barədə "Report"a Qarabağ Dirçəliş Fondunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iclasda Müşahidə Şurasının sədri, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Şuranın üzvləri - ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Milli Məclisin deputatı Tural Gəncəliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycanın Xalq artisti Alim Qasımov, eyni zamanda Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev iştirak ediblər.
Tədbirdə Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev Müşahidə Şurasına gündəlikdə duran məsələlər barədə ətraflı məlumatı təqdim edib.
İclas iştirakçıları Qarabağ Dirçəliş Fondunun 2022-ci il üzrə kənar auditorunun təyin edilməsi, Fondun “Ştat cədvəli, vəzifə maaşına əlavələrin tətbiq edilməsi qaydası və əməyin ödənişi fondu”nun təsdiq edilməsi, “Qarabağ Dirçəliş Fondunun 2023-cü il üzrə büdcəsi”nin təsdiq edilməsi, “Qarabağ Dirçəliş Fondunun büdcəsinin tərtibi və icrası haqqında Qaydalar”ın təsdiq edilməsi, və “Fondun vəsaitlərinin yerləşdirilməsi haqqında Qaydalar”ın yeni redaksiyasının təsdiq edilməsi kimi məsələlər barədə geniş müzakirələr aparıblar.
İclasın yekununda yuxarıda qeyd olunan sənədlər Müşahidə Şurası tərəfindən təsdiqlənib.
Görüşün sonunda Müşahidə Şurası Fondun gördüyü işlər və fəaliyyət istiqamətləri barədə razılıqlarını ifadə edərək iclasda təqdim olunan digər məsələlərin növbəti iclasda müzakirəsi üçün müvafiq tapşırıqlar verib.