Yuxarı

“Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” və “Laçın - virtual səyahət” filmləri təqdim olunub

Filmləri “Virtual Qarabağ” İKT mərkəzi hazırlayıb

Bakı. 1 may. REPORT.AZ/ Bu gün “Virtual Qarabağ” İKT mərkəzi “Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli və “Laçın - virtual səyahət” 3D qrafik təsvirli filmlərin təqdimatı keçirilib. 

“Report” xəbər verir ki, layihənin koordinatoru, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev təqdim olunan yeni filmlərin məzmunu və xüsusiyyətləri haqqında məlumat verib. 

O bildirib ki, mərkəz tərəfindən orijinal variantda ingilis dilində, həmçinin Azərbaycan və rus dillərində subtitrlərlə istehsal olunan “Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli filminin çəkilişində məqsəd Azərbaycanın qədim dövlətlərindən olan Qafqaz Albaniyası haqqında Ermənistanın elmi dairələrinin və erməni diasporunun dünya ictimaiyyətini aldatmaq yönündə fəaliyyətlərinə qarşı mübarizəyə töhfə vermək, Azərbaycan dövləti olan Qafqaz Albaniyasına məxsus tarixin, maddi-mədəni irsin, məbəd və kilsələrin, epiqrafik yazıların ermənilər tərəfindən saxtalaşdırılmasına dair elmi faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Filmin hazırlanmasında erməni işğalı altında qalan Qarabağ ərazisi də daxil olmaqla, Azərbaycanda olan, eyni zamanda, Ermənistan ərazisində qalan qədim Azərbaycan dövlətlərindən olan Qafqaz Albaniyasına məxsus maddi-mədəni irs - alban məbədlərinə aid orijinal kadrlardan istifadə olunub. Film ABŞ-dan olan Jason Van de Brake və Maggie Walsh tərəfindən səsləndirilib.

Təqdimat mərasimində həmçinin “Virtual Qarabağ” İKT mərkəzinin növbəti məhsulu Azərbaycan və ingilis dillərində hazırlanan “Laçın - virtual səyahət” 3D qrafik təsvirli film vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin Laçın rayonunun abidələri, küçələri qrafik təsvirlə sanki canlandırılır, bir növ tamaşaçı Laçın rayonuna virtual səyahətə çıxır.

Təqdimat zamanı mərkəzin Azərbaycan, ingilis və rus dillərindən olan rəsmi portalı www.virtualkarabakh.az internet səhifəsinin türk və fransız dillərində olan yeni versiyaları da ictimaiyyətə təqdim olunub.

Qeyd edək ki, tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi