“Xocalı soyqırımı törədiləndə dünya susmuşdu. Bunun səbəblərindən biri yəqin o idi ki, o vaxt məlumat qıtlığı var idi və müharibə ilə bağlı məlumat birtərəli idi. Ermənistan öz təbliğatını işə salmışdı. Azərbaycan tərəfi isə tamamilə aciz bir durumda idi. Çünki o vaxt bizim dövlətçilik əsaslarımız yox idi. O vaxt Azərbaycan idarəolunmaz vəziyyətdə idi”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
“O vaxtkı Azərbaycan indiki Ermənistanı xatırladır. Bacarıqsız yönətim, böhranlı vəziyyət, orduda nizam-intizamın olmaması, ordu faktiki olaraq hakimiyyətin tabeçiliyindən çıxmışdı. Bütün eyni mənzərəni bu gün Ermənistanda görürük. Bizim o vaxt imkanlarımız çox məhdud idi. Digər səbəb - dünya bunu görmək istəmirdi. Biz onu sonra anladıq. Bu müəyyən dərəcədə mövcud olan sterotiplərin əleyhinə olan bir mənzərə idi. Çünki Birinci Qarabağ müharibəsi başlayanda demək olar ki, əksər ölkələrdə belə bir təsəvvür var idi ki, Ermənistan haqlıdır, Azərbaycan haqsızıdr. Ərazi bütövlüyü məsələləri kənara qoyulmuşdu. Ancaq xalqların öz müqəddaratının təyinetmə məsələsi ön plana çıxmışdı. Halbuki heç kim sual vermirdi ki, axı erməni xalqı öz müqəddəratını müəyyən edib. Onların müstəqil Ermənistan dövləti var. Nə üçün ikinci Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılmalıdır? Heç kim buna cavab verə bilmədi. Ona görə bu sterotiplər uzun illər davam etdi. Uzun illər ərzində bizə qarşı ədalətsizlik tətbiq olunurdu. Baxın, sovetlər birliyi dağılandan sonra Amerika Konqresi azadlığa dəstək aktı qəbul etmişdi. Bütün keçmiş müttəfiq respublikalara yardım məqsədilə bu qanun qəbul edilmişdi. Azərbaycanı oradan çıxartdılar. Kim çıxartdı? Erməni lobbisinin nümayəndələri. Onların bir çoxu indi də yüksək vəzifələrdədir. Və səbəb bu göstərilirdi ki, Azərbaycan Ermənistanı mühasirəyə alıb. Necə biz alımışıq ki, bizim torpaqlarımız işğal altına düşüb? Ancaq bizə qarşı sanksiyalar tətbiq olundu. Bu günə qədər o sanksiyalar hələ də qüvvədədir. Onun nömərsi də var, 907-ci düzəliş. O vaxt hakimiyyətdə olanlar isə buna qarşı heç bir addım ata bilmədilər. Uzun illər lazım oldu ki, biz dünyanın fikrini dəyişdirə bilək, həqiqətləri təqdim edə bilək. Açıq-aydın olan həqiqətləri tədiq etmək üçün, onları sübut etmək üçün görün biz nə qədər əmək sərf etdik”, - Prezident bildirib.