Yuxarı

​Prezident Kitabxanasında “Erməni cinayətləri: Soyqırımı. Deportasiya. Terror” adlı elektron nəşr hazırlanıb

Elektron nəşrin ingilis dilində də versiyası hazırlanır

Bakı. 23 aprel. REPORT.AZ/ Uydurma erməni soyqırımının “100 illiyi”nin ermənilər və onların havadarları tərəfindən qeyd edildiyi ərəfədə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları və erməni cinayətlərinin miqyasını dünya ictimaiyyətinə çatdıran növbəti elektron nəşr oxucuların istifadəsinə verilib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, elektron nəşrdə toplanmış materiallardan görünür ki, XX əsrdə həm Cənubi Qafqazda, həm də Şərqi Anadoluda ermənilər havadarlarının dəstəyi ilə türk-müsəlman əhaliyə qarşı dəfələrlə kütləvi qırğınlar törədib, deportasiyalar və terror aktları həyata keçiriblər. Lakin ermənilər tarixi saxtalaşdıraraq hər yerdə özlərini dünyaya soyqırımına məruz qoyulan xalq kimi təqdim edirlər. Təəssüf ki, nəinki ermənilərin XX əsrin əvvəllərində törətdikləri qırğınlar, hətta 1991-1994-cü illərdə Azərbaycanın işğal edilmiş ərazilərində törətdikləri ağlasığmaz cinayətlər belə beynəlxalq təşkilatlar və dünyada söz sahibi olan dövlətlər tərəfindən sükutla qarşılanıb. Törətdiyi qanlı cinayətlərə görə işğalçı Ermənistanın bu günədək cəzasız qalması onu yeni-yeni cinayətlərə sövq edib. Ermənilərə havadarlıq edən dövlətlər və beynəlxalq qurumlar guya 1915-ci ildə baş vermiş “erməni soyqırımı”nı tanımaqla tarixi gerçəkliyin üzə çıxmasına əngəl olmağa çalışırlar.

“Erməni cinayətləri: Soyqırımı. Deportasiya. Terror” elektron nəşri arxiv sənədləri, dövri mətbuat materialları, ayri-ayrı tədqiqatçıların məqalələri əsasında tam dolğunluğu ilə sübut edir ki, əsl soyqırımı 1905-1906-cı illərdə, Birinci Dünya müharibəsi zamanı və 1918-1920-ci illərdə Şərqi Anadoluda və Azərbaycan ərazilərində türk-müsəlman əhalisinə qarşı törədilib. 1991-1994-cü illərdə dünyanın gözü qarşısında Ermənistan ordusu tərəfindən Azərbaycan ərazisinin 20 faizi işğal edilib və həmin ərazidə xalqımıza qarşı soyqırımı törədilib. Son 30-40 il ərzində ermənilərin törətdikləri terror aktları nəticəsində minlərlə günahsız insan tələf olub və yaralanıb. Bu elektron nəşr özlərini dünyaya sivil və soyqırımına məruz qoyulan millət kimi təqdim edən ermənilərin əsl simasını üzə çıxarır.

Yeddi fəsildən ibarət elektron nəşrin 1-ci fəsli “Soyqırımı” adlanır. Bu fəslin birinci bölməsində ermənilərin 1905-1906-cı illərdə Bakıda, Qarabağda, Zəngəzurda, Naxçıvanda və İrəvan quberniyasında azərbaycanlılara qarşı törətdikləri qırğınlardan bəhs edən elmi məqalələr toplanıb. 1915-1920-ci illərdə ermənilərin Şərqi Anadoluda və Cənubi Qafqazda, Cənubi Azərbaycanda törətdikləri soyqırımlara aid araşdırma məqalələr 2-ci bölmədə öz əksini tapıb. Bu bölmədə ermənilərin Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvan quberniyasında və Cənubi Azərbaycanda törətdikləri soyqırımılar öz əksini tapıb. Bölmədə, həmçinin 1915-1920-ci illərdə ermənilərin Şərqi Anadoluda həyata keçirdikləri terror aktları və türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımı haqqında material yerləşdirilib. Uydurma erməni soyqırımının əsassız olduğunu sübut edən ayrıca material da bu fəsildə öz əksinin tapıb.

Ermənistanın 1991-1993-cü illərdə işğal etdiyi Azərbaycan ərazilərində, o cümlədən Xocalıda törətdikləri soyqırımı cinayətləri və işğalın nəticələrinə aid materiallar 3-cü bölmədə yer alıb.

“Deportasiya” fəslində azərbaycanlıların indiki Ermənistan ərazisindən 1948-1953-cü illər və 1988-1989-cu illər deportasiyasına aid araşdırma materialları öz əksini tapıb.

Elektron nəşrin 3-cü fəsli “Terror” adlanır. Bu fəsildə erməni terror təşkilatları haqqında qısa məlumat verilir, türk və azərbaycanlı dövlət xadimlərinə, mülki şəxslərə qarşı törədilən terror aktları sadalanır, habelə ruslara qarşı ermənilərin törətdikləri terror əməllərindən bəhs edilir.

“Sənədlər” adlanan 4-cü fəsildə ermənilərin törətdikləri qırğınlara və deportasiyalara aid arxiv sənədləri, fərmanlar, sərəncamlar və digər materiallar toplanıb.

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri vandallıqlar və qırğınlar barədə şahidlərin canlı ifadələri əsasında lentə alınan sənədli filmlər toplanaraq “Videoarxiv” fəslində təqdim olunur.

“E-resurslar” fəslində müxtəlif dillərdə olan 200 kitabın və 300-ə yaxın məqalənin Kitabxananın əməkdaşları tərəfindən hazırlanan tam mətni, layihənin mövzusuna aid 400-dən artıq kitab və avtoreferatın, habelə 2005-2015-ci illərdə Kitabxananın fonduna daxil olan qəzet və jurnallardan seçilmiş 2200 məqalənin biblioqrafiyası istifadəçilərin ixtiyarına verilir.

Prezident Kitabxanası əməkdaşlarının Azərbaycan və rus dillərində hazırladıqları bu elektron nəşrin ingilis dilində də versiyası hazırlanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi