Prezident İlham Əliyev: "Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür"

Prezident İlham Əliyev: "Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür" Dövlət başçısı: "​Gələn il Azərbaycanda idarəetmə sahəsində islahatlar yeni formatda davam etdiriləcək"
Daxili siyasət
30 Dekabr , 2015 15:46
Prezident İlham Əliyev: Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür

Bakı. 30 dekabr. REPORT.AZ/ "Gələn il Azərbaycanda idarəetmə sahəsində islahatlar yeni formatda davam etdiriləcək". 

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Zirə Mədəniyyət Mərkəzinin açılışında bildirib. 

Açılışdan sonra Prezident İlham Əliyev və ailə üzvləri Xəzər rayonunun bir qrup sakini ilə görüşüblər. 

Dövlət başçısı mərkəzin və eko-parkın yüksək səviyyədə qurulduğunu, burada hər cür şəraitin yaradıldığını bildirib. Ölkənin hər yerində, o cümlədən paytaxtda ictimai yerlərin, parkların yaradıldığını deyən dövlət başçısı bütün bunların da insanların rahatlığı üçün edildiyini diqqətə çatdırıb. Son illərdə paytaxtın bütün kənd və qəsəbələri kimi Zirə qəsəbəsinin də inkişafının sürətlə getdiyini bildirən Prezident İlham Əliyev Xəzər rayonundan deputat seçilən Mehriban Əliyevanın fəaliyyətinin bu prosesə mühüm töhfə verdiyini, ərazidə icra olunan ekoloji layihənin müəllifinin Leyla Əliyeva olduğunu deyib. 

Ölkədə sosial və infrastruktur layihələrinin, Bakı və ətraf qəsəbələrin inkişafı ilə bağlı Dövlət Proqramının uğurla icra olunduğunu söyləyən dövlət başçısı 2015-ci ildə Azərbaycanda ictimai sabitliyin təmin edildiyini vurğulayıb, növbəti illərdə ölkənin iqtisadi inkişafının təmin olunmasının diqqət mərkəzində saxlanacağını bildirib. 

Prezident İlham Əliyev icra orqanlarının fəaliyyətində, vergi və gömrük sahəsində şəffaflığın təmin ediləcəyini bildirib. “Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür”, - deyən dövlət başçısı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbriklərini çatdırıb.

Son xəbərlər

Orphus sistemi