Pərviz Həşimli azadlığa buraxılıb: "Prezidentə təşəkkür edirəm" - YENİLƏNİB

Pərviz Həşimli azadlığa buraxılıb: "Prezidentə təşəkkür edirəm" - YENİLƏNİB Prezident İlham Əliyevin imzaladığı sərəncam 148 nəfərə şamil ediləcək
Daxili siyasət
18 Mart , 2016 09:55
Pərviz Həşimli azadlığa buraxılıb: Prezidentə təşəkkür edirəm - YENİLƏNİB

Bakı. 18 mart. REPORT.AZ/ Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamında adı yer alan jurnalist Pərviz Həşimli azadlığa buraxılıb.

“Report”un xəbərinə görə, 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən jurnalist artıq evindədir.

P.Həşimli "Report"a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin belə bir sərəncam imzalaması humanist addımdır: "Azadlığa buraxılmaq mənim də haqqım idi. Çünki ittiham olunduğum maddə üzrə özümü təqsirli bilmirdim. Dövlət başçısı əfv sərəncamı imzalayaraq, mənim azadlıq haqqımı təmin etdi. Bunun üçün Prezidentə təşəkkür edirəm. Həmçinin, mənə dəstək olan mətbuat nümayəndələrinə, beynəlxalq təşkilatlara, hüquq müdafiəçilərinə minnətdarlığımı bildirirəm".

Xatırladaq ki, P.Həşimli Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 15 may tarixli hökmü ilə məhkum olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncam 148 nəfərə şamil ediləcək.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunan 137 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər isə cərimə cəzasından azad olunub.

Əfv sərəncamında bəzi tanınmış şəxslərin də adları var. Bunlar Prezident Administrasiyasının keçmiş işlər müdiri Akif Muradverdiyev, "İnsan hüquqları" klubunun rəhbəri Rəsul Cəfərov, jurnalist Pərviz Həşimli, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, Müsavat Partiyası başqanının müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqov, müsavatçı gənc Sirac Kərimli, "Demokratiyanın Tədrisi Mərkəzi"nin həmtəsisçisi və sədri Anar Məmmədli, hüquq müdafiəçisi Taleh Xasməmmədov, NİDA-nın üzvləri Məmməd Əzizov, Rəşadət Axundov, Rəşad Həsənov, Ömər Məmmədov, "Talışi sədo" qəzetinin baş redaktoru Hilal Məmmədovdur.

Bundan başqa, əfv siyahısında 13 əcnəbinin də adı var.

Son xəbərlər

Orphus sistemi