Azərbaycanda özbaşına tikililərə nəzarət sistemi elektronlaşdırılır.
"Report" xəbər verir ki, sözügedən məsələ ilə bağlı hazırlanan “Şəhərsalma nəzarətinin elektron sistemi” birgə layihəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycanda Nümayəndəliyinin yeni təyin edilmiş rəhbəri Nuno Queiros ilə görüşü zamanı müzakirə olunub.
Tərəflər Azərbaycanda “Şəhərsalma nəzarətinin elektron sistemi” birgə layihəsinin cari vəziyyəti, onun yaxın bir zamanda reallaşdırılmasına dair növbəti addımlar barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, layihənin əsas məqsədi şəhərsalma sahəsində elektron nəzarət sisteminin yaradılması, baş verən özbaşına tikinti və söküntü hallarının çevik şəkildə aşkar edilməsi ilə müvafiq tədbirlərin görülməsi, nəticə etibarı ilə isə şəhərsalma və tikinti fəaliyyətlərinə dövlət nəzarətinin daha da gücləndirilməsidir.