Yuxarı

Ötən il ədliyyə orqanlarında 330 nəfər vəzifədə irəli çəkilib, 100 nəfərin iş yeri dəyişdirilib

Son 10 ildə ədliyyə orqanlarına 5 500-ə yaxın mütəxəssis işə qəbul edilib

Bakı. 30 iyun. REPORT.AZ/ Son 10 ildə ədliyyə orqanları hazırlıqlı, mənəvi cəhətdən saf kadrlarla komplektləşdirilərək 5 500-ə yaxın mütəxəssis işə qəbul edilib.

“Report”un məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş kollegiya iclasında bildirilib.

Yığıncaqda qeyd olunub ki, dövlət gənclər siyasətinə uyğun olaraq gənclərin işlə təminatı xüsusilə diqqətdə saxlanılır, hazırda ədliyyə orqanlarında çalışan işçilərin təxminən yarısını gənclər təşkil edir: "Qulluğa qəbul prosedurları da xeyli sadələşdirilib, test imtahanında iştirak etmək üçün elektron qaydada ərizə ilə müraciət etmək kifayətdir və müsabiqələr mütəmadi xarakter daşıyır. Eyni zamanda, Ədliyyə Akademiyasında peşə fəaliyyətinə buraxılış institutu tətbiq olunaraq uğur qazanan namizədlər icbari təlimə cəlb edilirlər".

İclasda həmçinin vurğulanıb ki, kadrların potensialından səmərəli istifadə olunması məqsədi ilə təkcə ötən il 330 nəfər vəzifədə irəli çəkilib, rotasiya prinsipi ilə 100 nəfərin iş yeri dəyişdirilib: "Ümumiyyətlə, son illərdə 150-dək əməkdaş yuxarı dövlət hakimiyyəti orqanlarına, həmçinin rəhbər vəzifələrə irəli çəkilib, hakim təyin olunublar". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi