Yuxarı

Oqtay Əsədov bəzi partiyaların iqtidar-müxalifət görüşünə qatılmamasına münasibət bildirib

Onlar kölgə altında deyil, kök altındadırlar

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında iqtidar-müxalifət dialoqu ilə bağlı fikir mübadiləsi davam edir. “Report” xəbər verir ki, BAXCP sədri Qüdrət Həsənquliyev bu dialoqu müsbət dəyərləndirib.

O bildirib ki, xarici qüvvələrin əlində oyuncağa çevrilən bəzi siyasi qurumlar bu görüşün üzərinə kölgə salmağa çalışır: “Lakin onlar bununla heç nəyə nail olmayacaq. Çünki görüş ölkədə siyasi sistemin, demokratiyanın inkişafına müsbət təsir göstərəcək”.

Spiker Oqtay Əsədov da iqtidar-müxalifət dialoqunu müsbət qiymətləndirib: “Siyasi partiyalar hər zaman dialoqun olması təklifi ilə çıxış edirlər, lakin görüş baş tutduqda müəyyən mənfi fikirlər səsləndirirlər. Qüdrət müəllim, siz kölgə-kölgə deyirsiniz, amma onlar kölgə altında deyil, kök altındadırlar. Ona görə də bu görüşlərdə iştirak etmirlər”.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da görüşü müsbət dəyərləndirərək qeyd edib ki, dialoq çox səmərəli olub: "Kimlər ki, burada iştirak etmədi, böyük siyasi səhvə yol verdilər".

Ümid Partiyasının sədri İqbal Ağazadə isə əlavə edib ki, Azərbaycanda siyasi təşkilatların hakimiyyətlə bir masa arxasında müxtəlif məsələləri müzakirə etməsi dövlətin, millətin xeyrinədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi