Yuxarı

Oqtay Əsədov: "Bələdiyyələr onlara ayrılan yardımın müqabilində nəsə etməkdə maraqlı deyil"

Arif Rəhimzadə: Bir çox bələdiyyələr heç işçilərinə məvacib verə bilmir

Bakı. 12 fevral. REPORT.AZ/ "Azərbaycanda bir çox bələdiyyələrin fəaliyyətinin düzgün qurulması üçün onların müvafiq büdcəsi olmalıdır. Çünki bir çox bələdiyyələr heç işçilərinə məvacib verə bilmir". "Report"un məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə parlamentdə müzakirəyə çıxarılan "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2015-ci il üzrə)" məruzə haqqında danışarkən deyib.

Komitə sədrinin sözlərinə görə, bu gün bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna 20-40 min manat borcları var: "Büdcələrinə pul daxil olan kimi dərhal fondun hesabına köçürürlər. Nəzərə alsaq ki, respublika bələdiyyələrinin 14 faizinin əhalisi 1000 nəfərə qədərdir, o zaman onların vəziyyəti daha acınacaqlıdır. Belə bələdiyyələr tənqid edilsə də, cəzalandırılsa da vəziyyət düzəlməyəcək. Ona görə də həmin bələdiyyələrə mütləq dövlət köməyi edilməlidir. Qanunvericilik də buna imkan verir. Bütün bunları nəzərə alaraq dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsait artırılmalıdır".

O, həmçinin qeyd edib ki, bələdiyyələr müəyyən layihələri icra etmək üçün subsensiya almaq hüququna malikdir: "Lakin nə keçən il, nə də bu il müvafiq məqsədlə vəsait yarılmayıb. Heç dövlət büdcəsində də bununla bağlı müvafiq sətir də açılmayıb. Büdcədə builki gərginliyi anlayırıq. Lakin bu şəraitidə bələdiyyələrə ayrılan dotasiyaların bir hissəsi subsensiya yolu ilə ifadə oluna bilərdi".

Spiker Oqtay Əsədov isə komitə sədrinin dediklərinə münasibət bildirərək deyib ki, ilk dövrlərdən bələdiyyələr haqqında pis fikir formalaşmışdı: "Ona görə də ilk növbədə bələdiyyələrin yalnız torpaq satması ilə bağlı düşüncəni bir kənara qoymaq lazımdır. Sizin fikrinizə qatılıram ki, bələdiyyələrə dəstək verilməli, onlara lazımi şərait yaradılmalıdır. Lakin bunun qarşılğında onlardan da hərəkət olmalıdır. Ancaq görünən odur ki, bələdiyyələr bunun müqabilində nəsə etməyə maraqlı deyil. Necə ola bilər ki, bələdiyyələrin bəzisi yaxşı işləyir, bəzisi pis. Demək ki, bu iş əvvəldən yaxşı qurulmayıb. Bələdiyyələrin hesabatını formal bir hesabata çevirməyək. Bizim onlara dəstək verməyimiz üçün onların özlərindən də təşəbbüs gəlməlidir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi